Modern.az

Hamiləlik: sağlam doğuşu fikirləşəsən, ya iş dərdi çəkəsən?

Hamiləlik: sağlam doğuşu fikirləşəsən, ya iş dərdi çəkəsən?

15 Mart 2011, 16:31

Özəl sektorda gələcək anaların əmək hüquqlarının ciddi pozuntularına rast gəlinir

“Gör bir a, mənə də pul düşürmüş. Bilsəydim, əvvəlcədən sənəd yığardım. Amma indi bu halımda, bu görkəmdə bir neçə idarəni qapı-qapı gəzib, 90 manata görə 70 manat xərc çəkməyin mənası yoxdur”. Sosial Müdafiə Fondundan qayıdarkən yolda belə fikirləşirdim.

Bu dəfə yazımın qəhrəmanı özüməm. Yəqin bir çox jurnalist qadınlar ana olmağa hazırlaşanda bu problemlə üzləşiblər – analıq və doğuşa görə müavinət almaq, məzuniyyətə vaxtında çıxmaq məsələsi. Əslində, dövlət müəssisələrində işləyənləri bu məsələ narahat etmir. Müavinət, analıq məzuniyyəti və bunlar üçün verilən vəsaitlə qurumun mühasibi məşğul olur.

Amma mən 10 ildən artıqdır ki, özəl qurumlarda işləyirəm. Neçə illərdir ki, fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyatdayam və işlədiyim layihələr üzrə maaşımı məhz VÖEN-lə alıram. Vergi idarəsinə, həm də sosial müdafiə fonduna özüm pul köçürürəm. Bir çox sahədə hüquqlara dair yazılar yazsam da, əmin idim ki, mənə müavinət-filan düşmür. Ona görə də məzuniyyət hüququmdan istifadə etməmiş, maaşımı başqa həmkarıma verməklə onu öz əvəzimə işimi gördürmüşdüm.

Lakin hamiləliyimin son ayında xəbər tutdum ki, mən mütəmadi olaraq sosial sığorta haqqı ödədiyimə görə müavinət ala bilərəmmiş. Həvəslənib bir neçə idarəyə baş çəkdim. Hesabladılar – layihələrim mütəmadi olmadığına görə cəmi 90 manat pul düşürmüş. “Min bərəkət” deyib sənədləri düzəltməyə başladım. “Xəstəlik kağızı”nı bir günə hazırlatmaq üçün 45 manat xərcim çıxdı. Sonra möhür, blank, nə bilim daha nələr istədilər. Gördüm ki, bu qədər əziyyətdən sonra 20 manat alacağam - 45 manat ziyanla bu təşəbbüsdən vaz keçdim...

Dövlət Sosial Müdafiə Fondu: “Sosial sığorta ödəyən hər kəs müavinət ala bilər”

Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, hamiləliyə və doğuma görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür. Bu müavinətin hesablanması və ödənilməsi qaydaları AR Nazirlər Kabinetinin 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir. Əsasnaməyə görə, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin hamiləliyə və doğuma görə müavinəti almaq hüququ vardır. Jurnalistlərə gəlincə, qonorar üzrə əmək haqqı alan qəzet, informasiya agentlikləri radio-televiziyanın və digər idarələrin yaradıcılıq işçilərinə hamiləliyə və doğuma görə müavinət həmin müəssisədə verilən və məcburi sosial sığorta haqlarının tutduğu müəllif  mükafatını nəzərə almaqla həqiqi qazancdan hesablanır. Maaşı olmayan işçiləri üçün bu müavinətlər  müvafiq peşə və ixtisası olan işçinin əmək haqqına uyğun hesablanır.  

Jurnalist oldu, ya olmadı, fərqi yoxdur, işləyən bütün qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Doğulan uşaq çox, müavinət alanı az?

Statistika Komitəsinin məlumatlarına əsasən, 2009-cu ildə uşağın doğulmasına görə 92.362 ailə birdəfəlik müavinət alıb. Həmin il ərzində 95.995 uşaq üçün hərəsinə 47 manat olmaqla birdəfəlik müavinət verilib. Lakin yenə Statitsika Komitəsinin saytında qeyd olunur ki, 2009-cu ildə doğulan uşalqarın sayı 152.100 nəfər olub. (Elə 2008-ci ildə də bu rəqəm eynidir-F.S.) Deməli, onların bir qismi – 56 mindən artıq hissəsi üçün müavinət ödənilməyib. Əlbəttə, ola bilər ki, uşaqların ilin müxtəlif dövrlərində  doğulublar, müavinətlərin verməsi növbəti ilə təsadüf edib, bəzilərinin valideynləri işləməyib, sosial sığortaya cəlb olunmayıb və s.

İlhamə Bağırova: “Analıq məktəbinə gəlmək üçün hamiləyə işdən icazə vermirlər”

Amma səbəblərdən biri də hüquqlarını bilməyən, yaxud da bilib, ancaq onlardan yararlanmaq imkanı olmayan qadınlarla bağlıdır. “Azərbaycanda hamilə qadınların bir çoxunun əmək hüquqları məhz bu səbəbdən – maariflənmənin yüksək səviyyədə olmadığından pozulur. Özü də bunlar yalnız əmək müavinətinin verilməməsi ilə bitmir”. Bunu Rasional İnkişaf Uğrunda Qadın Cəmiyyətinin təmsilçisi İlhamə  Bağırova deyir. İlhamə xanımın sözlərinə görə, onlar 3 ildən artıqdır bu istiqamətdə iş aparırlar, hamilələrə hüquqlarını öyrədirlər: “Bizim pulsuz analıq məktəblərimiz var. Ana olmağa hazırlaşan xanımlarımız üçün təlimlər təşkil edirik. Təlimlərdən biri də məhz əmək hüquqlarına aiddir. Elə mən bu dərslərdə görürəm ki, hamilə xanımların iş yerlərində başlarına nələr gətirirlər”. Analıq məktəbinin koordinatoru olan İlhamə xanım deyir ki, hamilələri adicə kursa gəlməyə qoymurlar. Onlara həftədə bir dəfə olsa belə, iş yerindən tez çıxmağa icazə verilmir: “Düzdür, biz hər dəfə hamilə qadınlara izah edirik ki, qanuna əsasən onların işdən icazə almağa ixtiyarları atır. Çoxları buna təəccüblənir. Amma hər kəs də cəsarət edib müdiri ilə mübahisəyə çıxmır”.

Fransada doğuşa görə 900 avro müavinət verilir

“Bizdə qadınların hamiləliyin 6-cı ayından sonra iş vaxtının ayda 1 saat azaldılması hüquqları var. Məsələn, jurnalistlərdə hamiləliyin 6-cı ayından başlayaraq ta doğuşdan 4 ay sonraya qədər iş günü cəmi 6 saata endirilir. Mən özüm də hamilə olanda bu hüququmdan yararlanmışam”. Bunu Mehri Quliyeva-Moghədəm deyir. Mehri xanım 10 ildir ki, Fransada yaşayır və uşaqlarını orda dünyaya gətirib. Deyir, Fransa qanunvericiliyinə görə, qadının hamilə olması onun işə götürülməsinə mane olmur: “Hamilə qadını işdən çıxartmaq da olmaz. Əksinə, hamiləliyi bütün bu müddət ərzində onu işdən çıxartmamaq üçün sanki bir mühafizədir. Bu cür xanımın həkim müayinəsi üçün işdən icazə alıb getməyə də ixtiyarı var – bu müddət ərzində maaşı tam ödənilir. Doğuşdan sonar da qadının bir il ərzində uşağını əmizdirməsi üçün işdən icazəsi var. Amma bəzi yerlərdə buna görə maaş verilmir”.

Fransada analıq məzuniyyəti doğuşdan 6 həftə əvvəl və 10 həftə sonra (1-ci və 2-ci uşaqlar üün) verilir. Üçüncü uşaq üçün müddətlər artır. Məzuniyyət vaxtı maaş tamamilə ödənilir. Valideynlik məzuniyyətinə gəlincə, 1-ci uşaqlarına görə analar 1 il evdə otura bilər, ikinci uşağa görə 3 il. Amma bu vaxt iş müqaviləsi dondurulur, maaş kəsilir. Əvəzində Ailəyə Maddi Yardım Kassası adlanan mərkəzdən kömək alınır. Ailə vəziyyəti və büdcəsindən asılı olaraq müxtəlif ailələrə müxtəlif mələğdə yardım edilir. Məbləğ hər uşağa görə ayda təxminən 130-540 avro arası olur. Mehri xanımın ailəsində bu məbləğ ayda təxminən 500 avroya yaxın olub.  

Ataların da təxminən 2 həftə məzuniyyət ala bildiyi Fransada hökumət hamilə qadınlara doğuşa görə birdəfəlik yardım edir. Amma bu yardımın məbləği bizdəkindən xeyli fərqlənir. Bizdə bu rəqəm 50 manata yaxın olsa da, Fransada Ailəyə Maddi Yardım kassasından 900 avroya yaxın mükafat verilir.

Bizim qanunlar da gözəldir, amma…

Qanunlara qalsa, Azərbaycanda da hamilə xanımlara hər cür hüquqlar verilir. Mehri xanımın sadaladığı hüquqların əksəriyyəti bizim Ailə Məcəlləsi və Əmək Məcəlləsində təsbit olunub. Əmək Məcəlləsinin 240-cı maddəsinə görə, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Əgər belə bir hal olarsa, qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Məcəllənin tələblərinə görə, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Ümumiyyətlə, hamiləlik müddətində xanımlar daha yüngül işə keçirilməlidirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. Yəni, qanunda gələcək ananın dünyaya sağlam uşaq gətirməsi və özünü güvəndə hiss etməsi üçün hər məqam nəzərdə tutulub.

Günel Cəfərova: “Hamiləni yarımştat keçirib maaşını da azaldırlar”

Bu hüquqları bilənlər də çoxdur. Amma bilsələr də, hüquqlarını pozulmasına imkan verənlər  də az deyil. Bunu hüquqşünas Günel Cəfərova söyləyir. Onun sözlərinə görə, çox nadir hallarda hansısa qadın məhkəməyə gedir: “Əmək Məcəlləsində göstərilir ki, doğuşa müəyyən vaxt qalmış qadın məzuniyyətə çıxa bilər. İstər dövlət, istərsə də özəl sektorda işləsin, fərqi yoxdur, hər bir qadın bu hüququndan istifadə edə də bilər. Amma bəzi yerlərdə iş sahibləri bu hüququ tanımır.  Qanuna görə, hamiləlik dövründə və uşağı 3 yaşına çatana kimi qadını işdən çıxartmaq olmaz. Hətta hamiləlik dövründə qadın əmək haqqı tam saxlanılmaqla yarımştat keçə də bilər. Amma bir çox yerlərdə xanımı yarımştat keçirib maaşını da azalırlar”.

Günel xanım gələcək analara hüquqları sahəsində dəfələrlə təlimlər keçib. Və praktikasına arxayın olaraq iddia edir ki, hüquqları pozulanlar çox olsa da, məhkəməyə gedənlər azdır: “Deyirlər ki, məhkəmə bizə nə verəcək ki? Boş yerə vaxtımız gedəcək, əsəblərimiz pozulacaq.  Bu məsələdə hüquqşünaslara, hakimlərə, ümumi sistemə inamsızlıq mövcuddur”.

Sevda Məmmədli: “Görəndə ki, işdən çıxarılıblar, onda məhkəməyə gedirlər”

Amma təbii hər kəs üzləşdiyi haqsızlıqla barışmır. Şikayət edənlər, məhkəməyə gedənləri də var. “Əsasən o kəslər şikayət edir ki, analıq məzuniyyətindən qayıdanda, işdən çıxarıldığını görürlər”. Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Sevda Məmmədli əminliklə bildirir ki, dövlət qurumlarında bu cür problemlərlə üzləşən olmur. Bu sahədə şikayətlər əsasən firmalar, özəl qurumlar və xarici təşkilatlarda işləyənlərdən olur: “Bu qadınlar müqaviləsiz işə qəbul olunurlar. Ona görə də hamilə qalanda onların hüquqları nəzərə alınmır. Normalda hamiləliyin 7 ayı tamam olandan sonra gələcək ana məzuniyyətə çıxmalıdır. Amma bir çox hallarda xarici təşkilatlarda qadını 8-ci, hətta 9-cu ayına qədər işlədirlər. Ya da tələb edirlər ki, yerinə kimisə qoy, maaşını da ona özün ver”.

Ən çox xarici təşkilatlarda işləyənlər şikayət edir


Sevda xanım Bakıdakı Oksford məktəbində müəllimə işləyən bir tanışının oxşar haqsızlıqla üzləşdiyini dedi: “Bir dərs ilinin sonunda yenicə hamilə qalmışdı. Ona görə də ona növbəti dərs ili üçün sinif vermədilər ki, uşalqar sənə yenicə öyrəşəcək, sən də onları atıb məzuniyyətə gedəcəksən. Yəni, artıq may ayında bu qadına dedilər ki, sentyabrdan işə çıxma. O, bu arada itirdiyi müddətə görə də pul almadı”. Sevda xanım deyir ki, adətən bizə xarici dövlətlərdən misal çəkirlər, amma nədənsə Azərbaycanda bu cür haqsızlıqlar daha çox xarici qurumların burdakı nümayəndəliklərində baş verir: “Mən Amerikada səfərdə olanda, orada da hamilə qadınların işlə bağlı problemlərinin olduğunu gördüm. Burada özəl qəzetdə çalışan jurnalist xanımlar doğuşa 2 həftə qalmış məzuniyyətə çıxırlar. Hətta bilinmir ki, onların iş yerləri saxlanılacaq, ya yox. Yəni, problem hər yerdə var. Amma məsələ bu problemin necə çözülməsindədir”.

Sevda xanım hamilə ikən əmək hüquqlarının pozulmasına görə məhkəməyə şikayət edən bir neçə xanımın hüquqlarını müdafiə edib. Amma deyir ki, onlara ən yaxşı halda kompensasiya verilib, özü də cüzi miqdarda. Ona görə də hüquqları tapdanan xanımlarda məhkəməyə inam qalmayıb: “İnsan öz dövlətinə güvənməlidir. İnanmalıdır ki, sabahısı gün hüququ pozulsa, işdən çıxmaq qorxusu olsa, dövlət onun arxasında dayanacaq. Amma əksini görürlər. Ona görə də işini itirmək təhlükəsi qarşısında susurlar. Düşünürlər ki, eybi yox, hamilə ikən də işə getdsilər, təki işi itirməsinlər”.  S.Məmmədli hesab edir ki, işə götürənlər həm gələcəyimiz naminə, həm də qanunlarahörmə edərək hamilə qadınları çıxılmaz vəziyyədə qoymamalıdırlar. Məhkəmələr isə bu cür hallara xüsusi yanaşmalı və xanımların hüquqlarının müdafiəsində tərəfsiz mövqe göstərməlidirlər.

Fərəh Sabirqızı

Yazı GTZ-nin Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir