2016-cı il Rusiya-Türkiyə münasibətlərinin intensiv yaxınlaşması ilə yadda qaldı. Ötən ilin noybarında Suriya sərhəddində Rusiya bombardumançısının vurulması ilə pisləşən ikitərəfli münasibətlər Ərdoğanın Putinə yazdığı məktubla müsbət yönə doğru dəyişdi.
Ardınca, Ankara və Moskva arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başladı.
Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan arasında Sankt-Peterburqda keçirilən görüşdən sonra tərəflər həmişə fikir ayrılığı yaşadıqları Suriya münaqişəsində önəmli razılıq əldə etdilər.
Belə ki, avqustun 24-də “Fırat qalxanı” əməliyyatına başlayan türk ordusu Suriya ərazisinə daxil oldu. Rusiya ilə də detalları razılaşdırılan yeni hərbi kampaniya Suriyanın 5 min kvadrat kilometrlik ərazisində 3 milyon suriyalı qaçqının təhlükəsizliyini təmin edəcək bölgənin yaradılmasını hədəfləyib.
Rusiyanın da dəstəklədiyi bu hərbi kampaniya Yaxın Şərq regionunda yeni Türkiyə-Rusiya ittifaqının yaranmasından xəbər verdi. Putin-Ərdoğan və Çavuşoğlu-Lavrov görüşləri zamanı əldə olunan razılıqlar Suriyanın şimalında PKK-nın qanadı olan PYD-nin yeni kürd dövləti yaratması planlarına mane olmalı, həmçinin Türkiyədə ciddi sosial gərginliyə səbəb olan 3 milyonluq suriyalı qaçqın kütləsini amilini arxa plana keçirməlidir.
Maraqlıdır ki, Ankara ilə Moskva arasında yaxınlaşma fonunda ABŞ administrasiyası öz susqunluğu ilə diqqət çəkir. Obama administrasiyasının Suriyadakı apardığı passiv siyasət regionun taleyini başqa dövlətlərin həll etməsi üçün şərait yaradıb. Təsadüfi deyil ki, Sergey Lavrov “ABŞ-la Suriya ilə bağlı səmərəsiz danışıqlar aparmaqdansa, Türkiyə və İranla razılıq əldə etmək daha faydalıdır” – deyə açıqlama vermişdi.
Dekabrın 20-də Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü və Suriyada sülhün bərqərar olması üçün təminatçı kimi çıxış etmələri və bəyannamə qəbul etmələri dünyanın əsas qlobal probleminə çevrilən Suriya münaqişəsinin məhz Ankara, Moskva və Tehranda həll olunacağına işarə idi. Təsadüfi deyil ki, hər 3 ölkənin Suriyada hərbi kontingenti var və onlar münaqişədə müdafiə etdikləri tərəfin üstünlüyünü təmin edirlər.
Hətta dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terrorçu tərəfindən öldürülməsi də çoxlarının gözləntisinin əksinə olaraq Moskva ilə Ankara arasında münasibətlərə xələl gətirmədi, əksinə iki ölkə arasında yaxınlaşmaya səbəb oldu. Əminliklə demək olar ki, hazırda iki ölkə lideri arasında münasibətlər ən yüksək səviyyədədir və qarşıdakı 2017-ci ildə münasibətlərin daha da yaxınlaşması gözlənilir.
Buna həm Suriya münaqişəsində mövqelərin yaxınlaşması, həm 15 iyul çevirilişindən sonra Qərblə Türkiyə arasında münasibətlərin pisləşməsi, həm də böyük potensiala malki iqtisadi əlaqələr təsir göstərir. Beləliklə, Yaxın Şərqdə yaranacaq Türkiyə-Rusiya ittifaqı artıq 6 ilə yaxındır ki, davam edən Suriya vətəndaş müharibəsinə son qoya biləcək.
Vüqar İSMAYILOV