Tanışlarımızdan kimsə gözəl nailiyyətlər əldə etdikdə deyirik: “Sükanı belə saxla”. Amma bu ifadəni bizim Bakıdakı avtobus sürücülərinin çoxuna demək bir az çox çətindir. Çünki açığı sükan arxasında onlar buna layiq olacaq qədər vəzifələrini doğru-düzgün icra etmirlər. Əlbəttə, avtobus sürücüləri arasında öz işinin məsuliyyətini dərk edənlər də var. Di gəl, nə olsun ki, yerdə qalanlar onlar kimi deyil. Belə yerdə də bir məsəl yada düşür. Hamı eyni olsaydı həyatın mənası olmazdı.
Sözün qısası, mətləbdən də çox da uzaqlaşmayıb keçək əsas məsələyə, görək bu sürücülər hansı hallarda sərnişinlərin daha çox “xətirlərinə dəyirlər”.
Günün pik vaxtlarında, ən çox da hamının işdən evə qayıtdığı anlarda avtobusların ən son dayanacağı “qaynayır”. Əksər hallarda, ən son dayanacaqları metrostansiyarın çıxışı olur. Metrodan çıxar-çıxmaz hər kəs bir-biri ilə yarışırmış kimi, avtobusa minməyə çalışır, evə tələsir. Təbii ki, insanların tələsməyində və tez minməyə çalışmasında çox da böyük qəbahət yoxdur. Sadəcə, minmək üçün avtobusda yer olmadıqda, iynə atılsa yerə düşməyəcəyi həddə belə, sürücülərin bu sözləri xüsusi diqqət çəkir: “Bir az sıxlaşın. Bir balaca mehribanlaşın”.
İçərinin onsuz da həddən çox sıx olduğu zaman sərnişinlər mehribanlıq təklifinə mehriban cavab verə bilmirlər. Bu zaman “orta bomboşdu, bir az o yana gedin” səsi eşidilir. Çox maraqlıdır ki, boş yox, bomboş deyərkən, sürücülər nəyi, haranı nəzərdə tuturlar.
Hamıya yaxşı məlumdur ki, avtobusları dayanacaqdan kənarda saxlamağa icazə verilmir. İndi işdi, kiminsə birdən düşmək istədiyi yer dayancaqdan kənar olduqda “astanovkadan kənar saxlamağa icazə yoxdu” cavabı verilir, amma “astanovka”dan kənarda kimsə minmək istəyəndə, “hə, o adam da yazıqdı, evinə-eşiyinə getmək istəyir” deyə ürəyiyumşaqlıq göstərilir. Amma bir çoxunun bu ürəyiyumşaqlığı göstərməyinin səbəbi bu olsa da, əsas və birinci dərəcəli məqsəd planı doldurmaqdır. Yenə deyirəm, hamısına şamil etmək olmaz, tərsini düşünənlər də əlbət var.
Bir də sürücülərin tərgitmək bilmədiyi, daha doğrusu, tərgitmək istəmədiyi idarəetmə zamanı siqaret çəkmək kimi bir vərdişləri var. Siqaretin tüstüsü çölə çıxır, iyi içəridə qalır. Bir az başa düşən olsalar, ən azından sərnişinlər arasında qadınlar və uşaqlar olduğunu nəzərə alardılar. Çünki, onların da ailələri var, şübhəsiz ki, buna razı olmazlar.
Adamın üstündə Allah var, bir az təcrübəsi olan və öz işinin məsuliyyətini dərk edən sürücülər də var ki, onları düşünəndə bir anlıq digərləri yaddan çıxır. Vaxt var idi “BakuBus”un avtobusları təzə fəaliyyətə başlayanda heç kim onları bəyənmirdi. Zaman keçdikcə, hər kəs bu avtobusların ab-havasına uyğunlaşdı. İndi nə heç kim istədiyi yerdə düşə, nə də minə bilir. Hər kəsə ədalətli davranılır. Sadəcə, bütün avtobuslarda ümumi cəhət hamının boş yer tapıb oturmaq həvəsidir. Bu problem həllini tapmayan ən mühüm problemlərdən biridir.
Metroda vəziyyət bir qədər başqadır. Çünki, bu nəqliyyat vasitəsi insanların əsəblərini çox da korlamır. Gedişhaqqı ucuz, mənzil başına çatmaq daha asandır. Lakin bu yeraltı səltənətin də bir-iki çatışmazlığı var. Düzdür, Bakı metrosunda qatarların tunellərin arasında qaldığı və insanların həyəcan yaşadığı anlar olub. Amma metro avtobusa baxanda çox şükürlüdür, ən azından burda qatarlar tıxaca düşmür. Burada yaşanan sıxlıq isə bəlli zaman dilimində və bəlli stansiyalarda insanların tıxacıdır. Avtobuslarda olduğu kimi, burada da insanlar vaqonlara daxil olmaq üçün əməlli-başlı can atırlar. Buradakı canfəşanlığın haqlı səbəbləri var. Ən azından burada qatarların qapısının açılmağı ilə bağlanmağı demək olar, göz qırpımında olur. Sıxlıqdan göz-gözü görmür. Nə düşənin düşməyinə macal olur, nə də minənin. O biri qatarları gözləyincə, platformalardakı sıxlıq bir az da artır. Metroda olan uyğunsuzluq, “Qatara minməyə tələsin!” və “Qatardan düşənlərə yol verin!” cümlələri arasındadır. İnsanlar da görünür ki, vaqonlara minmən zaman Yaponiya, Çin təcrübəsini götürüblər.
Sonda sadəcə onu da vurğulayım ki, insanlar da nəqliyyatdan istifadə zamanı öz ehtiyat tədbirlərini görürlər. Avtobuslarda axırıncı beş yerə kişilər cəld əyləşirlər, çünki qalan yerlərdə ancaq qadınlar oturur. Metroda da çoxu platformanın SOS hissəsində dayanırlar. Çünki qatarın bu hissələri adətən, daha çox boş olur.
Yəqin ki, bir çoxunuz mənim fikrilərimlə razılaşarsınız. Amma səmimi deyim, bəzən lap axırda dediklərimi çox yorğun olduğum vaxt mən özüm də edirəm.
Zaur Cəfərov
Azərbaycan Dillər Universiteti,
Filologiya və jurnalistika fakültəsi - IV kurs