Modern.az

Deputatlardan TƏLƏB: “Kimlərsə təxribat yaradır, o kitabları yazanlar üzə çıxarılmalıdır!”

Deputatlardan TƏLƏB: “Kimlərsə təxribat yaradır, o kitabları yazanlar üzə çıxarılmalıdır!”

30 Dekabr 2016, 13:04

“Orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinifində Azərbaycan və Dağlıq Qarabağın tarixi ayrı-ayrı kitablarla tədris olunur. Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov "Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlər olub. Siyavuş Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib:

“Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib. Deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın”.

Siyavuş Novruzovun qaldırdığı məsələyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru, deputat Yaqub Mahmudov cavab verib. O bildirib ki, bir tarix var, o da - Azərbaycan tarixidir.

“Bu təxribatın qarşısı alınmalıdır. Azərbaycanın bir tarixi var. Kimlərsə təxribat yaradaraq Azərbaycan tarixinə qara yaxmaq istəyirlər”.

Milli Məclis sədri Oqtay Əsədov isə bildiridb ki, kitabları yazanlar üzə çıxarılmalıdır: “Araşdırın görək bunu kim yazıb”.
 

Aqşin Kərimov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?