“İsa Qəmbər Müsavat pariyasından heç vaxt getməyəcək”
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İsa Qəmbərin partiya başqanlığından getməsi ilə bağlı aparılan son müzakirələrdən danışıb. O, Modern.az saytına açıqlamasında bildirib ki, bununla bağlı mətbuatda yayılan məlumumatlar həqiqətə uyğun deyil: “Mən yayılan məlumatlarla bağlı deyə bilərəm ki, İsa bəy heç vaxt Müsavat Partiyasından getməyəcək və Müsavat Partiyasının siyasətinin müəyyənləşməsində o, həmişə iştirak edəcək. Sadəcə olaraq partiyanın nizamnaməsinə görə, İsa bəy növbəti müddətə başqanlığa namizədliyini irəli sürə bilməz. Əgər partiyanın nizamnaməsində hər hansı bir dəyişiklik baş verməyəcəksə o zaman Müsavatın növbəti başqanı İsa Qəmbər yox ayrı bir şəxs olacaq. Ancaq bu heç də İsa Qəmbərin Müsavat Partiyasından getməsi anlamına gəlmir. İsa Qəmbərin bundan sonra da həm Müsavat Partiyasının siyasətinin, həm də bütövlükdə Azərbaycanın demokratik qüvvələrinin siyasətinin müəyyənləşməsində mühüm rolu qorunacaq”.
A.Hacılı partiyanın may ayında keçirməyi planlaşdırdığı qurultayla bağlı hazırlıqların davam etdiyini bildirib: “Qurultayla bağlı Müsavat Partiyasının rayon təşkilatlarında konfranslar keçirilir. Bu konfranslar, nəzərdə tutulan tədbirlər başa çatıb, qurultay nümayəndələri seçildikdən sonra bizim qurultayımız keçiriləcək. Bildiyimiz kimi, partiya başqanlığı məhz bu qurultayda seçiləcək”.
Müsavat rəsmisi partiya başqanlığına namizədliyi ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib. O, bildirib ki, mətbuatda bu haqda məlumat getməsinə baxmayaraq, başqanlığa namizəd olması ilə bağlı fikir səsləndirməyib.
“Mən partiya başqanlığına öz namizədliyimi irəli sürəcəyimlə bağlı bir fikir səsləndirməmişəm. Mən sadəcə olaraq jurnalistlərin suallarına cavab olaraq bildirmişəm ki, mən bu istiqamətdə silahdaşlarıma məsləhətləşmələr aparıram. Mənim namizədliyimi verəcəyim qurultay ərəfəsi siyasi vəziyyətdən aslı olacaq. Hazırdq partiya başqanlığı üçün elə də müzakirələr aparılmır. Partiya başqanını seçmək səlahiyyəti partiyanın qurultayına mənsub olan məsələdir. Düşünürəm ki, qurultay ən layiqli namizədi seçəcək.. Əgər təşkilatı-texniki məsələni həll etsək may ayında partiyanın qurultayı keçiriləcək”-deyə A.Hacılı əlavə edib.
Anar Rüstəmov