Modern.az

ABŞ Minsk qrupuna yeni həmsədr təyin etdi

ABŞ Minsk qrupuna yeni həmsədr təyin etdi

30 Dekabr 2016, 15:39

2017-ci ilin yanvarından etibarən səfir Riçard Hoqland müvəqqəti olaraq Amerika Birləşmiş Ştatlarının Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədri vəzifəsini icra edəcək.

Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Hoqland dekabrın 31-i sözügedən vəzifədən istefa verən Ceyms Uorliki əvəz edəcək. 

 

Hoqland diplomatik sahədə 30 ildən çox təcrübəyə malikdir. O, 2003-2006 illərdə Tacikistanda və 2008-2011 illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013 illərdə isə Pakistanda səfir müavini kimi çalışıb.

 

O, bu yaxında Suriyada Zorakılığın Dəyandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib. Vaşinqtonda Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə Dövlət katibinin köməkçisinin müavini kimi çalışıb.

 

Bundan öncə isə, Hoqland Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Qafqaz və Mərkəzi Asiya Ofisinə rəhbərlik edib. Həmçinin ABŞ-ın Rusiyadakı səfirliyinin sözçüsü olub. 

 

“ABŞ-ın Dağlıq Qarabağ münəqişəsinin dinc həllinin tapılması üçün tərəflərlə işlədiyi bir vaxtda səfir Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq.

 

ABŞ  tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa və Vyyana və Sankt Peterburqda aldə olunan razılıqları icra etməyə, həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır”-deyə məlumatda bildirilib. 

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?