“2016-cı ildə dövlət hesabına 956 xəstədə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 265 uşağa 219 acıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra edilib. Bunlardan 104-ü 1 yaşa qədər, ən kiçiyi isə 2 aylıq olub. Bu il ərzində Azərbaycan Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparıldığını bildirib”. Modern.az saytı xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyində bu gün keçirilən 2016-cı ilin yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.
İclasda vurğulanıb ki, son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılıb. Bu günə qədər artıq Azərbaycanda 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə sümük iliyi köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub.
Nikaha daxil olunanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə ki, ötən ilin iyun ayından artıq 230 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 9892 talassemiya daşıyıcısı, 147 Qazanılmış immunçatışmazlığı sindromu, 828 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 80 xəstə cütlük aşkar edilib. Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib.
Hazırda Respublikamızda 1541 hemofiliyalı xəstə qeydiyyatdadır. Uğurla həyata keçirilən Dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunub.
Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 36 tondan çox olmuşdur. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
İclasda Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, bu il bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunub. Nazırlər Kabinetinin qərari ilə “2017-2021–ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edildiyini bildirən şöbə müdiri deyib ki, qeyd olunan proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, 2017-ci ildən başlayaraq xəstələrin dövlət hesabına innovasion preparatlarla təminatına imkan yaradacaq: "Son 2 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.
Nazirlik rəsmisi qeyd edib ki, 2016-cı ildə həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsi davam etdirilib. Cari ildə keçirilmiş imtahanlar nəticəsində 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunduğunu deyə G.Poladov qeyd edib ki, onlardan 171 nəfəri respublikanın müxtəlif regionlarında işlə təmin olunub: “2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin sayı 332 olub. Onlardan 271 həkim təyinatla iş yerlərinə göndərilib.Hazırda Səhiyyə Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 39-a çatdırılıb. 2016-cı il ərzində elektron xidmətlərə 100000-dən çox müraciət qeydə alınıb.
Modern.az