Modern.az

“15 iyul və Türkiyə” - Unutmayacağıq! Unutdurmayacağıq!!!

“15 iyul və Türkiyə” - Unutmayacağıq! Unutdurmayacağıq!!!

31 Dekabr 2016, 10:55

Yarandığı  gündən  etibarən  Türkiyə gündəmində  mühüm layihələrə  imza atan “Redaktör” Xəbər Dərgisi  Antalyada “15 iyul  və Türkiyə”  adlı  konfrans keçirdi. Konfransa dünyanın 13 ölkəsində  yaşayan məşhur dərgi və qəzetlərin, televiziyaların baş redaktorları, rəhbərləri, eləcə də Türk dünyasını xarici ölkələrdə təmsil edən qurumların rəhbərləri və nümayəndələri dəvətli idi.  Dəvətlilər arasında mən də vardım. İstanbul hava limanında enib, Antalayaya getmək üçün içəri xətlərə keçəndə gözüm kitab köşkünə sataşdı.  Təyyarəyə minik başlamadığından gözləmə vaxtımı bu kitabların arasında əritmək istədim.  Qiymətləri fərqli idi. 35 tl-dən yuxarı... Birdən gözümə Qazi Müstafa Kamal  Atatürkün “Nutuk” kitabı sataşdı. Satıcıdan onu istədim. Qiymətinə baxdım. 14 tl-yə. Həmən satıcıdan nədən bu kitabın belə ucuz satıldığını soruşanda, dedi ki, onu elə ucuz qiymətə satırlar ki, bütün gənclər, insanlar alıb oxuya bilsinlər. Həm də ki, kitabı çap edənlər onun çap xərcini  üzərinə qoymurlar. Təki hər kəsin evində bir “Nutuk” olsun”.

...Kitabı  vərəqləyəndə elə ilk səhifədə başlanğıcda Atatürkün yazdığı bu cümlələrə ilişib qaldım:

“1919-cu ilin May ayının 19-u günü Samsuna çıxdım. Ümumi mənzərə və vəziyyət belədir:  Osmanlı Dövlətinin daxil  olduğu qrup Dünya müharibəsində məğlub olmuşdu,  məğlubiyyətdən sonra isə ağır şərtlər altında biabırçı bir atəşkəs imzalanıb.  Uzun zamandan bəri davam edən Dünya müharibəsi   insanları yormuş və fağır bir duruma gətirmişdir. Ulusu və ölkəni Dünya Savaşına cəlb edənlər, artıq öz həyatlarını xilas etmək haqqında fikirləşərək, ölkədən qaçıblar. Səltənət və xilafət  öz növbəsində bu  ağır məqamdan qurtulmaq üçün, taxtını qorumaq üçün vasitələr axtarmaqdadır. Damat Fərid Paşanın rəhbərlik etdiyi hökumət zavallı, bacarıqsız, güvəncsiz və qorxaqdır; yalnız padşahın buyruğu ilə və onunla birlikdə özlərini qorumaqdan başqa çarələri yoxdur... 

Ordunun əlindən silahları və cəbbəxanası alınmış və alınmaqdadır... Antanta dövlətləri atəşkəsin şərtlərinə əməl etməyə lüzum görmürlər. Min bir bəhanə ilə Antantanın donanmaları və əsgərləri İstanbulda...

... Bundan başqa da, ölkənin hər tərəfində Xristianlar gizli, açıq şəkildə istək və arzularının gerçəkləşməsi üçün və dövlətin bir an içərisində çökməsi üçün çalışırlar...”

Mustafa Kamal Atatürkün  97 il əvvəl may ayının 15-də gördüyü mənzərə ilə bu gün çağırışına gəldiyimiz Türkiyənin halı hardasa eyni idi. Bu gün də dünyanın qarışıq gücləri Türkiyəni diz çökdürməyə, qalxmaq istədiyi ucalıqdan endirməyə çalışırlar. Son Türkiyə isə Atatürkün qurduğu Türkiyədir.  Xırda çalxanmalar, xırda savaşlar onu sarsılda bilməz.

Bu ilin yayında iyul ayının 15-də qurulmuş darbe  (çevriliş) də bir baş tutmayan oyunun qanlı tarixi kimi Türkiyə tarixinə yazıldı.  Bütnü dunya təlatümdə idi.  Artıq neçə illərdir ki, təlatümlə, hirs və hikkəylə ulu türk dövlətini çğkdürmək istəyənlər  terrorlar edir, Ana Türkiyəmizi qana boyayırlar. Son illərdə Türkiyə bir Çanqqalə savaşındakı qədər qurban verib terrora.

Antalyanın beş ulduzlu otelində dünya yazarlarını qarşılayan “Redaktör Haber Dergisi”sinin baş redaktoru  və sahibi İbrahim Gökdemir də  qonaqlarını qarşılayaraq,  söz yazanları Türkiyənin  son aylarda başına gələnlərdən şahidlərin dili ilə xəbərdar etməyə toplamışdı. Uca Türk dövlətinin İstiqlal marşı çalındıqdan sonra, Redaktör Dergisi imtiyaz sahibi İbrahim Gökdemir Fətullahçı Terror Qrupunun törətdiyi 15 iyul gecəsinin şahidlərinin də bu salonda toplaşdığını söylədi.   Həmin gün şahidlər danışdı.  Həmin gün Türk sevdalıları danışdı.  Qazaxıstan Türk Xalqları Mədəniyyət Vəqfinin Başkanı prof.Dr. Ahmet Dağduran 13 ölkədən 100-dən artıq yazarın və jurnalistin qatıldığı tədbirin önəmini qeyd edərək,  yazı adamlarının həqiqəti, haqqı  dünyaya çatdırmalarının , vicdanlarının səsi ilə Böyük Türkiyəyə sözləri ilə, harayları ilə yardımçı olmalarını istədi. Dedi ki, haqqı əymək olmaz!

Ak Parti Ankara Millət Vəkili Nevzat Ceylan  Türkiyənin müstəqilliyini, azadlığını, hürlüyünü asan başa gəlmədiyini belə anlatdı:


“Bu ölkə heç nəyi asanlıqla qazanmadı. Bizim mədəniyyətimizin təməlində Mevlanə, Yunus Əmrə kimi gözəl və əvəzsiz olan, dünyaya insanlığı öyrədən bir mədəniyyət   dayanır.  Biz fəth eytdiyimiz ölkələrdə sül və barış yaydıq. Qardaşı qardaşa qırdırmadıq, körpələri öldürmədik.  Dünyanı bir-birinə qarışdıran  ölkələr haqqında isə bunu demək mümkün deyil.  İçimizdə olan mədəniyyəti hər zaman bütün dünyaya yaymaqda davam etdik.  Ölkəmizdə imperial güclərin marağı olmasına hər zaman şahid olduq.  Türkiyənin qarşısını hər zaman kəsmək istədilər.  Nə zaman ki, silkənib qalxmaq istədik, bizim yüksəlişimizdən narahat olan güclər  bir oyun qurdular. Biz isə şəhidlər verdik, ancaq Vətəni əyilməyə qoymadıq. Demokratiyanı şəhidlərimizin qanı sayəsində qoruyub saxlaya bildik... Bu uca millətin böyüklüyünə  iyul ayında bir daha şahid olduq. Ancaq bizi devirmək istərlərsə, cavablarını həmən alacaqlar. 21-ci əsr Türk Millətinin əsri olmalıdır! Dünyanın ən güclü ölkəsi olmağa davam edəcəyik”.

Ak Parti Çorum Millət vəkili Türkiyə Büyük Milllət Məclisi idarə amiri Salim Uslu dünyanın hər yerindən gələn jurnalistləri salamlayaraq, dedi ki, “türk milləti kimi bayrağını canından əziz bilən bir millət görmədim.  Biz 15 iyul günündə Türk tarixi üçün daha bir təzə dastan yazdıq.  Zatən Türk millətinin qanı, tarixi, ürəyi dastanlarla doludur.  Kuləli vaqeəsindən sonra, Türkiyədə 17 dəfə  çevriliş olub. Türk milləti gələcəyinə sahib çıxmağı bacarır. 15 iyulıda biz 250 şəhid verdik, 2500 yaralımız oldu. Bütün bu faciələri yaşayarkən, biz həm də dostumuzu düşmənimizdən ayıra bildik. Dost bildiyimiz Avropa Birliyindən heç bir dəstək almadıq. 63 ildir bizi qapısında gözlədən bir birliyin  belə münasibət sərgiləməsindən sonra, biz də öz planlarımızı dəyişmək məcburiyyətindəyik. Türk milləti adından həmin o güclərə səslənirik:15 iyuldan sonra, daha heç nə əvvəlki kimi olmayacaq, biz indi hər şeyi millətin iradəsi ilə həll edəcəyik”.

Konfransda Rusiyanın Dağıstandan gələn sabiq millət vəkili Məhəmməd Süleymanov da iştirak edirdi. Kürsüyə çıxan Məhəmməd Süleymanov Rusiya dövləti adından danışdı.  Dedi ki, Rusiyanın fövqəladə və səlahiyyətli elçisinə qarşı terror etməklə, iki ölkəni bir-birinə salışdırrmaq istəyənlər arzularına çatmadılar. Rusiya bir böyük dövlət kimi həmin 15 iyul günlərində Türkiyənin yanında oldu.  Biz inanırıq ki, Rusiya və Türkiyə dostluğu bundan sonra daha da möhkəm təməllər üzərində qurulacaq və güclənəcək.

15 iyul şahidlərinin içərisində İstanbulun həminqanlı  gecəsində   tankın qabağına uzanıb, ona yol verməyən Yaşar Yıldız  da var idi.Yaşar Yıldız indi Türkiyənin Xalq Qəhrəmanıdır.  Həmin gecəni belə xatırladı: “Başbakanımız açıqlama verirkən, tez avtomobilimə minib 1 saatlıq yolu 25 dəqiqə ərzində   həmin meydana çatdım.  5dənə zirehli maşın atəş açarkən əlimdə şanlı bayrağımız onların önünə çıxdım. Yerə sərilib, qışqırdım ki, keçə bilsəniz keçin bu bayrağın üstündən. Biz bu mücadilənin görünən üzüyük. Güllələrin önünə keçərək, Şəhidlik mərtəbəsinə yüksəlməkdən çəkinmədik. Vətən olmasa, ana olmaz, deyə fikirləşdik.  Allah o gecə içərimizdən qorxunu yox etmişdi.  O gecə bir Canak qala  mücadiləsi yaşadıq.  O gecə Türk millətinin 15 İyul dastanının yazılmasına səbəb oldu. Onu bilin ki, biz öldürmək üçün deyil, yaşamaq üçün çalışırıq. Allah bu Vətəni, bu bayrağı heç zaman  endirməsin”.

15 Temmuz  Vətən Şəhidləri Gaziləri dərnəyinin  yaradıcısı, 26 yaşlı şəhid  Muhammet Oğuz Kılıncın anası Meltem Kılınc da iştirakçılar arasında idi. O şəhid oğlu ilə fəxr etdiyini dedi. Və əlavə etdi ki, onun oğlu ilə şəhidlik zirvəsinə ucalanlar, canlarını qurban verdilər ki, bu dövlət , bu millət yaşasın.

Daha sonra panel müzakirələri oldu.  Panel müzakirələrində   Əl-Cəzirə Media Qrupunun, Londonda dərc olunan “İngiltere Türk Dünyası” jurnalının baş redaktotru və təsisçisi Atilla Abacioğlu, Almaniyada  Media qrupun rəhbəri  Orhan Kurtər və yerli jurnalistlərlə müzakirələr oldu. Müzakirələrdə mən öz tərəfimdən 20 yanvar şəhidlərimizin tanklar qarşısına çıxmasını, kəsilmiş bir  qolunu tankıln altından götürüb , həmin qolu ilə tankı döyən azərbaycanlı qəhrəman haqqında danışdım. Və dedim ki, biz də tankların qarşısında ilk azadlıq mücadiləmizin şəhidlərini verdik.

Bursadan olan jurnalist Sevgi Akyuz isə  Türkiyə tərəfinin iştirakçılarından həmin günlərdə Rizə şəhərində Atatürkün bələdiyyə binasının qarşısından  heykəlinin götürülməsindən və bu səbəbdən çox böyük acı keçirməsindən danışdı. Sualına belə cavab verdilər ki, yəqin ki, başbilənlər o heykəli qoymağa yer tapacaqlar.

Əslində həmin sualı mən də verəcəkdim. Sevgi Akyuz xanım məni qabaqlamışdı. Və nə yaxşı ki, belə də oldu. Çünki birdən həmin Sevgi Akyuz, dönüb məndən soruşsaydı ki, Siz nədən Məmməd Əmin Rəsulzadənin heykəlinin başına gah torba keçirirsiniz, və ilk Müstəqil Azərbaycan Cümhuriyyətini elan edən bu dahinin heç yerdə heykəli yoxdur. O belə sual vermədi. Olsaydı, cavab verəcəkdim ki, dünyada o qədər uçurulmuş heykəllər olur ki, əsas odur ki, Vətənimizi Vətən edənlərin, Türk adımızı dünya ilə bir edib önümüzdə düşmənləri baş əydirənlərimizin heykəlini ürəklərimizdən silməyək.

Bəli bü gün, Türkiyə də, Azərbaycan da həm içəridən , həm də xaricdən düşmənlərlə doludur. Türkiyə olmazsa, Azərbaycan da olmaz! Biz hər zaman arxamızı ona söykəmişik! Biz onunla güclüyük! Heydər Əliyevin təbirincə desək “Bir millət iki dövlət” olan birliyimiz ağır və acı günlərini yaşayır. Qazi Mustafa Kamal Atatürk “Nutuk” əsərinin başlanğıcında yazdığı həmin 1919-cu ilin durumu  bugünkü mənzərəyə necə bənzəyir: “ ... Osmanlı Dövləti çöküb, ömrü tamamlanmışdı. Osmanlı torpaqları tamamən parçalanmışdı. Ortada bir ovuc Türkün inandığı bir ata yurd qalmışdı. Son məsələ, bunun da bölünməsini saxlamaqdan ibarətdir. Osmanlı Döbləti, onun müstəqilliyi, padişah, həlifə, hökumət, bunların hamısı öz anlamını itirib, böş sözlərdən ibarətdir... Əfəndilər, bu durum qarşısında tək bir qərar var. O da beynəlxalq aləmdə tanına biləcək qeydsiz, şərtsiz müstəqil yeni bir Türk Dövləti qurmaq!”.

Və mən də inanıram ki, həmin Türk dövləti artıq qurulmağa başlayıb. Milliyyətindən və irqindən, dinindən asılı olmayaraq  Türkiyəni sevən hər kəs o Ata Yurdunun a al qırmızı günəş kimi yanan bayrağını enməyə qoymamalıdır. O bayrağın qırmızısından Azərbaycana, Qazaxıstana, Özbəkistana, Türkmənistana, Qırğızıstana, Kiprə, ... üzü Sabiriyyədən Mogolustana qədər bütün türk yurdlarına səfqətli bir rəng düşür və dalğalandıqca ürəyimizsə sərin mehləri rahatlıq gətirsin.


Aida Eyvazlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?