31 Dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan üçün ən önəmli günlərdən biridir. Hər ilin bu günündə dünya Azərbaycanlıları həmrəylik səsini ucaldır.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan üçün hansı faydalı işi işi görür?
Azərbaycanlılar həqiqətən də həmrəylik nümayiş etdirə bilirlərmi?
Bu haqda Modern.az-a danışan Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar bildirib ki, dünya azərbaycanlıları arasında lobbiçik fəaliyyəti son illər daha aktiv hiss edilir.
“Amerikada, Rusiyada, digər türk dövlətlərində, özəlliklə Şimali Kipr Türk Respublikasında yaşayan, lobbiçilik fəaliyyəti ilə məşğul olan azərbaycanlılar, xüsusilə gənclərlə daim əlaqədəyik. Hər birimizin fəaliyyətinin mərkəzində təbii ki, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması, Azərbaycanın əleyhinə olan fikirlərin təkzib olunması, Azərbaycandakı nailiyyətlərin dünyaya yayılması durur. Bu vəzifələr həyata keçirildiyi zaman biz bir birimizlə sıx əlaqə halında oluruq. Dünyada yaşayan azərbaycanlılar sosial mediadan çox fəal və faydalı istiqamətlərdə istifadə edirlər. Xüsusilə son illərdə gözəl bir əlaqə sistemi yaratdığımızı düşünürəm. Şübhəsiz ki, bunda da Azərbaycan dövlətinin, Azərbaycanda yaşayan soydaşlarımızın dünyanın müxtəlif yerində yaşayan biz azərbaycanlılardan gözləntiləri var.
Professor sözlərinə görə, Dünya Azərbaycanlılarının 4-cü Qurultayında Azərbaycan prezidenti İlham Əliyev dünyada yaşayan azərbaybaycanlıların qarşısında duran vəzifələr və Azərbaycan dövlətinin, xalqının onlardan nələr gözlədiyini aydın şəkildə ortaya qoyub.
“Azərbaycan dövləti dünya azərbaycanlılarına çox dəyər verir. Bir neçə gün bundan əvvəl Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına müraciəti yayıldı. Dünən də Azərbaycan Milli Məclisi qış sessiyasının son iclasını dünya azərbaycanlılarına müraciətlə sonlandırdı. Mən bunlara çox əhəmiyyət verirəm. Bu yaxınlarda Türkiyə mətbuatında Azərbaycan Prezidentinin 55 yaşının tamam olması ilə bağlı müəllifi mən olduğum geniş bir məqalə dərc olundu. Məqalədə Azərbaycan Prezidentini dünya azərbaycanlılarının gözü ilə analiz etmişdim. Nəyə görə dövlət başçımızı sevirik? Məqalədə Azərbaycanın sülh içində olmasını, multikultural dəyərlərə çox əhəmiyyət verdiyini, tolerant dəyərlərlə yaşamasını, hətta bunun dünyaya bir model olaraq gerçəkləşdirdiyi səbəbindən ölkə başçımızı sevdiyimizi yazmışam. Bu qarışıq olan dünyada tək düşmənimizin Ermənistan olduğunu vurğulamışam.
Mən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü kimi Azərbaycanla bağlı olan həm akademik səviyyədə, həm çıxdığım televiziya proqramlarında, həm də mətbuatda yazılar yazaraq fəaliyyət göstərirəm. Bütün fəaliyyətlərimdə Qarabağın işğalı, Xocalı soyqrımı və Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışıram”.
Aygün Attar bildirib ki, o 5 il əvvəl BMT-nin baş katibi Pan Ki Muna məktub yazıb.
“BMT-nin 5 il bundan əvvəl BMT-nin baş katibi Pan Ki Muna bir məktub yazaraq Ermənistanın işğalçı bir dövlət və Ermənistan prezidentinin bir terrorçu olduğunu, onun terrorizm ittihamı ilə məhkəmə qarşına çıxarılmasını tələb etmişəm. Bu hadisəni Facebook dünən mənə xatırladıb.
Fələstində bir küçəyə Ermənistan adının verilməsinə etiraz etmişəm. Fələstin müsəlman ölkəsidir, Fələstinə görə Türkiyə hər zaman səsini ucaldır, yardımlar göndərir. Amma Fələstin Hələbdə, Mosulda, Kərkükdə, Qarabağda, Xocalıda törədilən qətliamlar qarşısında səssiz qalıb, küçəsinə Ermənistan adı verib.
Bunlar kiçik bir misaldır, demək istəyirəm ki, dünya azərbaycanlıları olaraq bizim bir-birimiz ilə çox sıx əlaqələrimiz var. Dünya azərbaycanlılarının fəaliyyəti 31 dekabın ruhuna uyğundur. Mən hesab edirəm ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar olaraq həmrəylik sözünə tam anlamı ilə riayət edirik və bir-birimizə həmrəyik.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müxtəlif ölkələrdə yaşayan, ürəyi Azərbaycanla döyünən hər bir azərbaycanlını təbrik edirəm, birliyimizin vətən sevgimizin daimi olmasını arzu edirəm”.
Qafar Ağayev