İstanbuldakı terror aktını törədən şəxs “Reina” gecə klubun daxili planına bələd olub. Modern.az saytı xəbər verir ki, “Hurriyyət”in məlumatına görə, terrorçu klubun gizli giriş-çıxışları barədə də məlumatlı olub.
İlkin araşdırma zamanı məlum olub ki, istintaq cinayətkarın yalnız personala məlum olan üç gizli çıxış daxil olmaqla, klubdakı bütün çıxışların yerini bildiyini müəyyənləşdirib.
Məlumata görə, hücumun əvvəlində terrorçu işıq-səsli qumbaradan istifadə edib. Didjeyin kabinəsindən isə 180-dək giliz aşkarlandığı bildirilir.
Hücumu törətməkdə şübhəli bilinən şəxs hadisə yerini taksi ilə tərk edib. Məlumata görə, Kuruçeşmə rayonunda taksi saxlayan həmin şəxs sürücüyə üstündə pul olmadığını və onun mobil telefonundan zəng etməyi xahiş edib. Sürücünün sözlərinə görə, həmin şəxs türk dilində danışırmış.
Modern.az