Qarabağ savaşı Azərbaycanın müharibə tarixiniə Şirin Mirzəyevin adını qızıl hərflərlə həkk edib. Əfsanəvi qəhrəmanın keçdiyi döyüş yolları, tükənməz Vətən sevgisi nəsillərə örnək, millətimiz üçün şərəf və ucalıqdır.
1947-ci ilin yanvarın 5-də Xankəndində anadan olmuş, həmin şəhərdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra Leninqrad (Sankt-Peterburq) Ali Siyasi-Hərbi Məktəbində və Moskva Ali Siyasi Akadmeyiasında təhsil almış Şirin Mirzəyev Qarabağ savaşı başlanan gündən cəbhələrə atılmışdır. Düşmənlə üz-üzə gələndə onu ölümdən çox Vətənin taleyi düşündürmüş və bu düşüncə, bu amal onu şəhidlik zirvəsinə ucaltmışdır.
Müstəqil Azərbaycanın ordu quruculuğu prosesində fəal iştirak edən, ona öz dəyərli töhfələrini verən, peşəkar hərbçi, polkovnik-leytenant Şirin Mirzəyev Ağdam bölgəsində ilk tabor yaradan zabitlərdən biri idi.
Şirin Mirzəyevin döyüş yolu həqiqətən də örnək ola biləcək bir yol idi. O, siyasi oyunlara cəlb olunmaq üçün edilən bütün cəhdləri, bir çox iyrənc oyunlarla müşaiyyət olunan maneələri dəf etməklə Ağdamdakı xidməti fəaliyyəti dövründə - istər hərbi quruculuq işlərində, istərsə də Fərrux, Qazançı, Ağbulaq, Abdal Gülablı və s. əməliyyatlarda vətənin sədaqətli əsgəri olmuş, yüzlərlə soydaşımızı erməni silahlı birləşmələrinin vəhşi caynağından xilas etmişdir. Onun hərbçi kimi peşəkarlığı, sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad olunmuş, Ağdam rayonunun böyük bir hissəsi müdafiə edilmişdi.
1992-ci il iyun ayının 18-i Şirin Mirzəyevin Qarabağ uğrunda mübarizəsinin son günü oldu. Növbəti dəfə təmas xəttinə baş çəkən alay komandiri düşmənin basdırdığı minaya tuş gəldi. Özü ilə birlikdə qardaşı oğlu Mübariz Mirzəyev və əmisi nəvəsi Araz Mirzəyev şəhidlik zirvəsinə ucaldılar.
Heç bir qüvvə Şirin Mirzəyevi mübarizəsindən geri döndərə bilməzdi. İçində tüğyan edən Vətən sevgisi, qəlbini parçalayan Vətən harayı onu qisasa çağırırdı, yeni döyüşlərə aparırdı. Onun keşməkeşli, qəhrəmanlıqla zəngin həyat yolları böyük bir məktəbdir. Hələ bundan sonra da neçə-neçə illər bu qəhrəmanlıq məktəbi öyrəniləcək, gənclərimizə örnək olacaq.
Xalqımız öz qəhrəmanlarını unutmur və unutmayacaq. Çünki tariximizin qəhrəmanlıq səlnaməsi yazılır və yazılacaqdır. Bu səlnamənin qızıl səhifəsində isə Şirin Mirzəyevin özünə məxsus yeri həmişə millətimizin diqqətini cəlb edəcəkdir.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin doğum günüdür. Yaşasaydı 70 yaşı tamam olacaqdı…
Doğum günün mübarək, Vətən oğlu...
İlham Cəmiloğlu