Modern.az

“Ganja Bistro”dan təkzib: “Loqomuzdakı çinar yarpağıdır”

“Ganja Bistro”dan təkzib: “Loqomuzdakı çinar yarpağıdır”

Aktual

6 Yanvar 2017, 10:38

Yeni il ərəfəsində bir sıra KİV-lərdə hələ açılışı olmayan “Ganja Bistro” restoranı haqqında “Bakıda marixuana restoranı?” başlıqlı məqalə yayımlanıb. Bu da öz növbəsində sosial şəbəkələrdə müzakirələrə səbəb olub və ölkə gündəmində əks-səda yaradıb. Bu rezonansın səbəbi adı çəkilən restoranın loqotipindəki yarpağın marixuanaya bənzədilməsi idi.

Bununla əlaqədar olaraq restoranın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi rəsmi açıqlama verib və deyilənləri əsassız adlandırıb:

“Ganja Bistro restoranının rəsmi loqosundakı yarpaq Gəncə şəhərində yetişən endemik xan çinarlarının yarpağı ilə assosiasiya edilir. Şəhərdə sayı 200-dən çox olan bu ağacların yaşı 150-1500 il arasında dəyişir. Nəzərinizə çatdırmaq istərdik ki, Gəncədə yerləşən və 1606-cı ildə tikilən Xan Abbas məscidinin həyəti bu çinarla bəzədilib.

Həmçinin 2014-cü ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyası parkda 22 xan çinarı əkib.

Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi, şairə Məhsəti Gəncəvi öz əsərlərində bu çinarların əzəmətindən və gözəlliyindən bəhs ediblər. Bakının mərkəzində hələ Sovet dövründə mövcud olan “Çinar” restoranı bu gün də paytaxt sakinlərinin və qonaqlarının sevdiyi məkanlardandır.

“Ganja Bistro” restoranının simvolu çinar yarpağıdır. Bir çox ölkələr bu təcrübəni öz brendlərində tətbiq edirlər. Buna ən yaxşı misal Kanadadır. Kanadanın rəsmi bayrağında ağcaqayın ağacının yarpağı var.

Son olaraq əlavə etmək istərdik ki, açılışı yaxın zamanda olacaq “Ganja Bistro”da müştərilərə Gəncə mətbəxinin ən ləziz təamları təqdim ediləcək”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?