Modern.az

İrəvan qaragözlüklə qara niyyətinin ağını çıxarır

İrəvan qaragözlüklə qara niyyətinin ağını çıxarır

10 Yanvar 2017, 10:52

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

    

Ermənistan təhlükəliyini "təhlükəsizliyin" üstünə atmaqla, özünü sığortalamış və ya siğələmiş kimi, Azərbaycan torpaqlarını işğalda saxlamağı davam etdirmək istəyir

 

Ermənistan mətbuatının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı  qaragözlük etməsi hələ ki gündəmdən düşmür. Haylar ötən ilin son günlərində Ermənistan-Azərbaycan dövlət sərhəddində - Ermənistanın Tavuş vilayətinin Çinari kəndində özlərinin təşkil etdiyi təxribatı Azərbaycan tərəfinin üstünə atmaqla, KTMT-ni nə qədər dişlərinə vursalar da, amma bu "yumurtanın" boş olduğunu hiss edə bilmirlər. Əslində onlar bu kimi qaragözlüklə qara niyyətlərinin lap ağını çıxarırlar. Çünki Sarkisyanın min oyununun bir Qarabağ üstündə olmasını bütün dünya bildiyi halda amma o, bu oyunlarda oyundan kənar vəziyyətdə olduğunu heç cür anlamaq istəmir. 

"Məlumatlandırılmış vətəndaşlar İttifaqı" adından çıxış edən, Vaqe Qukasyan Lragir.am saytında özünün "KTMT mövcuddurmu?" adlı yazısında, Ermənistanın adı çəkilən təşkilatda bir yerdə olduğu bütün üzv ölkələr - Rusiya, Belarus, Qazaxstan, Qırğıstan və Tacikstanla az qala kifir bir arvadın ərini hamıya qısqandığı kimi davranması olduqca rüsvayçı görünür. O, bu yazısında Azərbaycan ordusunun güya Ermənistan dövlət sərhəddini pozduğunu, 3 erməni əsgərini qətlə yetirdiyini və təşkilata üzv dövlətlərin bu məsələyə heç bir reaksiya vermədiyini xüsusi küskünlüklə vurğulayır.

Adam düşünmür ki, KTMT-nin artıq keçmiş baş katibi, Nikolay Bordujanın yol üstə olduğundan ermənilərin qəsdən törətdikləri bu təxribata ondan son olaraq dəstək almaq məqsədini rəsmi Bakı yaxşı başa düşür.

Məsələyə digər tərəfdən baxdıqda isə, rəsmi İrəvanın hərbi əməliyyatları Dağlıq Qarabağ və işğal altındakı rayonlardan Azərbaycan-Ermənistan sərhədlərinə keçirmək niyyətini, KTMT-nin üzv ölkələrinin başçıları da gün kimi aydın görürlər.

 

Burada bir əsas məqama da diqqət yetirilməlidir: bütün dünya bilir ki, mövcud Qarabağ münaqişəsi Ermənistan tərəfindən başlanılıb və Azərbaycan torpaqlarını işğal etməklə münaqişə hələ də sona çatmayıb. Bu isə onu deməyə əsas verir ki, əgər bu gündən sonra Azərbaycan istər Qarabağ, istərsə də Vətən müharibəsi adı altında öz ərazilərini azad etmək üçün müharibəyə başlayarsa, bu döyüş beynəlxalq aləm tərəfindən birinci müharibənin davamı kimi dəyərləndirilməlidir. Belə olan halda KTMT-yə üzv olan dövlətlər bir ağızdan Ermənistana - "bağışla biz belə danışmamışdıq" desələr bu, heç kimdə təəccüb doğurmamalıdır.  

Çünki hamıya bəllidir ki, Azərbaycanın işğal altında olan əzəli torpaqları - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon beynəlxalq birlik, o cümlədən KTMT-nin üzv dövlətləri tərəfindən birmənalı olaraq məhz Azərbaycan əraziləri kimi tanınır. Bu isə KTMT-ni bu problemə qolu zorlu biri kimi müdaxilə etmək hüququnu heçə endirir.

Düzdür, KTMT nizamnaməsinin 4-cü müddəasında, əgər bir dövlət və ya bir qrup dövlət təşkilata üzv dövlətlərdən birinə təcavüz edərsə, bu bütün üzv dövlətlərə olunan təcavüz kimi qiymətləndiriləcək və belə olan halda, BMT-nin 51-ci maddəsini əsas götürərək təcavüzə məruz qalmış dövlətə hərbi, eləcə də digər köməklik olunacağı vurğulanır.

Amma "Məlumatlandırılmış vətəndaşları" çaş-baş salan, V.Qukasyan düşünmür ki, burada təzad vurub göz çıxarır: yəni, 1988-ci ildən bu günədək təcavüzə məruz qalan ölkə məhz Azərbaycandır. Onun bu addımı Ermənistanın KTMT-nin üzv dövlətindən daha çox, ən üzlü dövlət olduğunu bir daha sübut etmiş olur.

51-ci maddə demişkən, bu arada onu da yada salaq ki, BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana tam əsas verir ki, 28 illik erməni həyasızlığına son qoymaq üçün hayları "kiş deməklə" deyil, məhz hərbi yolla "hoylayıb" öz dövlət sərhəddindən o yana töksün.

V.Qukasyan, ötən ilin sentyabrında Ermənistan respublikasının müstəqilliyinin 25 illiyində hərbi bayram paradında sərgilənən Rusiyadan alınmış "İsgəndər" raketinə də toxunur. O, "İsgəndər"ə də naz edərək - bəs, elan olunmuşdu ki, regionda hərbi güc balansını qorumaq üçün bu silahla Ermənistan Azərbaycandan üstün olduğunu təmin edəcək?

Maraqlıdır, məgər V.Qukasyan bilmir ki, S.Sarkisyanın, eləcə də bütün Ermənistanın ipi öz əlində olmadığı kimi, "İsgəndər"in də "buraxılış düyməsi" onun barmağı altında deyil? Görünür rəsmi İrəvanın "marionetka" kimi Rusiya barmağı ilə oynadılmasını hamı bilsə də, amma bu, nədənsə hələ Qukasyana bəlli deyil.

"Məlumatlandırılmış vətəndaşlar İttifaqı"ın sözçüsü kimi o, bu yazıda KTMT üzv ölkələrinin başçılarının haqlı mövqelərinə öz qaranlıq prizmasından baxaraq - 26 dekabr, KTMT-nin Sankt Peterburqda keçirilən sammitini misal gətirir, bu təşkilatda daxili problemlərin olduğunu və bunun birbaşa Ermənistan maraqlarına  zərbə vurduğunu qeyd edir.

KTMT-yə yeni baş katibin erməni seçilməsi nəzərdə tutulduğundan, 2016-ci ildə İrəvanda keçirilən sammitə Qazaxstan prezidenti, Nursultan Nazarbayevin gəlməməsini, onun azərbaycanpərəst olmasını, xəstələnib desə də xəstə olmadığını; Belarus prezidenti, Aleksandr Lukoşenkanın Sankt Peterburq sammitinə qatılmamasının səbəbini isə, onun noyabrda Bakıya gələrkən burda ona isti qəbul göztərilməsilə əlaqələndirən və bu olaylardan gileylənən V.Qukasyan, heç cür anlamaq istəmir ki, əsl xəstəliyə tutulan S.Sarkisyanı və bu "virusdan" hamı qaçdığından onu heç kim nə isti, nə də soyuq qəbul etmək istəmir. Çünki onlar belə süründürücü virusa tutulmuş xəstənin ağına da, qarasına da lənət - deyirlər.

Yazının sonunda, V.Qukasyan uzun giley-güzardan sonra erməni xislətinə xarakterik olaraq araqarışdırmaq üsulunu ortaya qoyur: Vaqeyə görə son insidentlə, rəsmi Bakı ermənilərlə bir yerdə olan bütün təşkilatlara - həm KTMT-yə, həm Havadan birgə Müdafiəyə, həm Vahid Ordu Bölmələrinə və həm də Ermənistanla əməkdaşlıq edən bütün müttəfiqlərə tüpürür.

Əslində burada üzünə tüpürüləsi bir şəxs və ya bir təşkilat varsa, o elə Ermənistan adlı bir "qurum", eləcə də onun başçısı, S.Sarkisyan özüdür. Baxın, bəs uzun illərdir Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul etdiyi - 822, 853, 874 və 884 saylı qətnamələrinə, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələrinə rəsmi İrəvan tüpürmürmü?

V.Qukasyanın KTMT-də nəzərdə tutduğu problemə gəlincə isə bu, elə onun öz ölkəsi, o cümlədən İrəvanın başında duranlardadır. Çünki Ermənistan Qarabağ sevdasıyla havalanaraq regionda əsl təhlükə mənbəyi olduğunu dünyada artıq çoxdan sübut edib. Bu ölkə öz təhlükəliyini "təhlükəsizliyin" üstünə atmaqla, özünü sığortalamış və ya siğələmiş kimi, Azərbaycan torpaqlarını işğalda saxlamağı davam etdirməkdən başqa heç bir şey barədə düşünmür.

KTMT-yə üzv olan ölkələrin başçılarının S.Sarkisyan istisna olmaqla, heç birinin Azərbaycanla hansısa bir problemi yoxdur. Sadəcə rəsmi Bakının bu ölkələrlə müxtəlif sahələr üzrə apardığı qarşılıqlı uğurlu siyasət, "ağ gün" arzusunda olan qara keşişlərin qara niyyətlərini həyata keçirməsinə imkan vermir. 

 

P.S. Artıq 2017-ci ilin 1 yanvar tarixindən KTMT-də baş katib vəzifəsini Nikolay Bordyujanın müavini, Valeri Semerikov yerinə yetirməyə başlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?