Belarus prezidenti Aleksandr Lukaşenko yanvarın 9-da Milad bayramı ilə bağlı paytaxt Minskdəki kilsəyə oğlu Nikolay və naməlum qadınla gedib.
Modern.az xəbər verir ki, Belarus KİV-nin iddiasına görə, “Mercedes”dən əvvəlcə sağ qapıdan Lukaşenko özü, sol qapıdan oğlu, sonra isə başında yaylıq olan qadın düşüb.
Jurnalistlər güman edirlər ki, həmin qadın avtomobildə Lukaşenko ilə kiçik oğlunun arasında oturub.
“Doğurdanmı, belarusların, nəhayət birinci xanımı ortaya çıxdı? Rəsmi xronikada bu müəmmalı qadın haqda heç nə yer almır. Digər mənbələrdə (“Belarus 1” telekanalından başqa), ümumiyyətlə president kortejinin kilsəyə gəlişi ilə bağlı kadrlar isə yoxdur”, - məlumatda qeyd edilir.
Aleksandr Lukaşenko 1975-ci ildə Belarus dili müəlliməsi Qalina Jelneroviçlə evlidir, ancaq ərlə-arvad bir yerdə yaşamırlar.
Yerli KİV-lərdəki jurnalistlərin fikrincə, Nikolayın anası prezidentin keçmiş şəxsi həkimi İrina Abelskayadır.
Belarus lideri ötən ilin sentyabr ayında kiçik oğlunun cəmiyyət arasında nadir hallarda görünməsini şərh edərkən deyib ki, Nikolay vaxtının çoxunu məktəbdəki təhsilinə sərf edir.
Modern.az