Bu gün Azərbaycan Beynəlxalq Bankında səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, yığıncaqda bankın İdarə Heyətinə sədr seçkisi keçirilib və bu vəzifəyə Xalid Əhədov təyinat alıb.
Xalid Əhədov 1998-ci ildən bank sektorunda fəaliyyət göstərir. Bundan əvvəl o, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin baş icraçı direktoru, "Bank Standard" KB-nın baş direktoru vəzifələrində işləyib.
Yığıncaqda Aqşin Əmirov İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, bu gün həm də Azərbaycan Beynəlxalq Bankının fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur. 10 yanvar 1992-ci il tarixində təşkil olunmuş bank 25 ildir müştərilərə xidmət göstərir və hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilir.
Modern.az