Ukrayna paytaxtında Azərbaycan dilində nəşr olunan “Azərbaycanın sözü” qəzetinin ilk sayının təqdimat mərasimi keçirilib. Mərasimdə ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan qəzetin təsisçisi “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatının rəhbəri Hikmət Cavadov mərasim iştirakçılarını Beynəlxalq Novruz günü münasibətilə təbrik edib, layihənin gerçəkləşməsində nəşrin yaradıcı heyətinə minnətdarlığını bildirib, qəzetin geniş oxucu auditoriyası qazanacağını əminliklə qeyd edib. Nəşrin baş redaktoru Azər Qardaşlı qəzetin ərsəyə gəlməsindən, onun məram və məqsədlərindən ətraflı söhbət açıb, qeyd edib ki, azərbaycançılıq və dövlətçilik prinsiplərinə xidmət edən “Azərbaycanın sözü” Ukraynada yaşayan hər bir azərbaycanlının tribunası olacaq və bu qəzet soydaşlarımızın ailə qəzetinə çevriləcək. Tədbirdə iştirak edən yerli kütləvi informasiya və ictimai təşkilatların nümayəndələri Ukraynada Azərbaycan dilində qəzetin nəşr olunmasını Ukrayna cəmiyyətinin tolerantlığının təzahürü kimi qiymətləndirib. Mərasimin sonunda qonaqlar Novruz süfrəsinə dəvət olunub. Hikmət Cavadov Novruz bayramı və “Azərbaycanın sözü” qəzetinin ilk sayının işıq üzü görməsi münasibətilə redaksiyaya kompyuter dəsti hədiyyə edib. Modern.az