Modern.az

Avtobillərinizi texniki baxışdan vaxtında keçirin, əks halda...

Avtobillərinizi texniki baxışdan vaxtında keçirin, əks halda...

Aktual

14 Yanvar 2017, 09:30

Yanvar ayının 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi başlanıb. Bu proses mərhələli olaraq davam edəcək.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a bildirib ki, texniki baxışdan keçmə müddəti avtomobillərin markalarına uyğun müəyyənləşdirilib.

 

“MDB  istehsalı olan köhnə minik avtomobillərinin texniki baxışdan keçmə müddəti yanvar ayının 1-dən mayın 1-nə qədərdir. Mayın 1-dən avqustun 1-ə qədər xarici dövlətlərdə istehsal olunan və onların baza modeli əsasında MDB dövlətlərində istehsal olunan minik avtomobillərinin texniki baxışdan keçmə müddətidir. Avqust ayının 1-dən oktyabr ayının sonuna qədər isə avtobusların və yük avtomobillərinin texniki baxışdan keçməsi üçün müddətdir.

 

Avtomobil texniki baxışdan keçiriləndə onun bütün texniki hissələrinə, əsas etibarı ilə sükan idarəetmə mexanizminə, tormoz sisteminə, işıq sisteminə, nəqliyyat vasitəsinin xarici görünüşünə, onun atqılarına, ümumi mexaniki hissələrinə, bundan başqa, onun aqreqat nömrələrinə diqqət edilir, uçot göstəriciləri ilə uyğunluğuna diqqət edilir və əgər nəqliyyat vasitəsi texniki olaraq saz vəziyyətdədirsə texniki baxışdan keçmə haqqında talon verilir, həmin nəqliyyat vasitəsi texniki baxışdan keçmiş hesab edilir”.

 

Şöbə rəisinin sözlərinə görə, texniki baxışdan keçməyə görə 20 manat miqdarında rüsum müəyyən olunub.

 

“Avtomobildə nasazlıq aşkarlandıqda sürücü gedib nasazlığı aradan qaldırıb gəlir və ödədiyi 20 manat rüsumun qəbzini göstərir və yenidən müayinədən keçir. Yəni eyni müayinədən keçmək  üçün  yenidən rüsum ödənilmir. Hər kəs texniki nasazlığı aradan qaldırmaq üçün təmir məntəqəsini seçməkdə azadır. İstədikləri yerdə nasazlığı aradan qaldıra bilər, nasazlığın qaldırılması ilə bağlı müvafiq arayışı təqdim edə bilər və yaxud da əgər sürücü özü ustadırsa, nasazlığı özü tərəfindən aradan qaldırıbsa yenidən müayinədə həmin nasazlıq aşkar olunmursa artıq o texniki baxışdan keçir.

 

Texniki baxışdan təyin olunan müddətdə keçməyən sürücülər bilməlidir ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur”. 

 

Qafar Ağayev

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir