Millət vəkili Əli Əhmədov mənzillərə olan tələbatın ödənilməsi məqsədilə yeni proqramın qəbul edilməsini irəli sürüb. Ə.Əhmədov həmçinin 10 illik dövlət proqramı çərçivəsində ildə 1 milyard manat vəsaitin ayrılmasını təklif edib. İctimai müzakirəyə səbəb olan bu təklif bir sıra ekspertlər tərəfindən də dəstəklənib.
Çünki, nəzərə alsaq ki, il ərzində 14-15 min mənzil istifadəyə verilir, ölkədə tikinti bu templə davam edərsə, indiki tələbatı ödəmək üçün azı 60 il vaxt lazım olacaq. Odur ki, tikilən evlərin sayı azı 3 dəfə artmalıdır. Bu isə yalnız dövlətin mənzil tikintisinə pul ayırması ilə baş verə bilər.
Xatırladaq ki, hazırda Azərbaycanda ailə təsərrüfatlarının sayı 1 milyon 700 mindən çoxdur. Mənzil bazarını araşdıran mütəxəssislərin hesablamalarına görə, bu ailələrin 30 faizə qədərinin yəni 600 min ailənin mənzilə ehtiyacı var. Bununla yanaşı ölkədə adambaşına düşən yaşayış sahələri də beynəlxalq standartlara cavab vermir. Belə ki, Azərbaycanda 1 nəfərə düşən mənzil sahəsi 12,6 kvadrat metrdir. Orta səviyyəli ölkələrdə bu göstərici 30-35 kvadratmetrdir. İndi ölkəmizdə mənzil fondunun ümumi sahəsi 100 milyon kvadratmetrdir. Hər il istifadəyə verilən mənzillərin sahəsi isə 1,5 milyon kvadratmetr təşkil edir.
İqtisadçı-alim Vuqar Bayramov deyir ki, Azərbaycanda adambaşına düşən mənzil sahəsi Avropa ölkələrindən 2,5 dəfə azdır. Onun sözlərinə görə, Azərbaycanda 1 nəfərə düşən mənzil sahəsi 12,6 kvadratmetrdirsə, Avropada bu rəqəm 28 kvadratmetr təşkil edir:
“Son zamanlar mənzil bazarında baş verən dəyişikliklər göstərir ki, satılan mənzillərin sayında artımlar olsa da belə bu aztəminatlı vətəndaşların mənzil təminatının həllinə ciddi təsir göstərmir. Tədqiqatlara əsasən, paytaxtda 2005-2008-ci illərdə tikinti bumu dövründə mənzillərin göyük qisminin alışı bir neçə mənzilə sahib olan insanlar tərəfindən həyata keçirilib. Eləcə də mənzillərin əksəriyyəti kommersiya məqsədilə alınıb. O baxımdan aztəminatlı insanların mənzil təminatının yaxşılaşdırılması üçün bir sıra ölkələrdə eləcə də qonşu Türkiyədə tətbiq edilən mənzil tikinti layihələrinin həyata keçirilməsinə ehtiyac var. Parlamentin bəzi deputatları proqramın reallaşdırılmasına ildə 1 milyard manat yönəldilə biləcəyini deyiblər. Lakin bu istiqamətdə Azərbaycanda Cənub Şərqi Asiya modelinin tətbiqi daha məqbuldur. Sözügedən modelin özəlliyi dövlət büdcəsi hesabına torpağın alınması, mənzillərin inşa edilməsidir. Hansıki sonradan dövlət inşa edilən mənzilləri həmin mənzilin öz qiymətinə uyğun mənzilə tələbatı olan vətəndaşlara təqdim edir. Vətəndaş bu zaman ilkin ödəniş həyata keçirmir. Sadəcə mənzildə yaşadığı dövrdə aylq ödənişlər edir. Bununla da dövlət uzunmüddətli zaman üçün mənzilin xərcini geri qaytarır. Türkiyədə iki otaqli mənzilə sahib olan ailənin mənzilin xərcini qaytarması üçün ödədiyi aylıq vəsait 90 dollardı. Misirdə isə bu rəqəm 60 dollardı. O baxımdan söhbət kifayət qədər kiçik məbləğin ödənilməsindən gedir. Fikrimcə, həmin məbləğin dövlət büdcəsinə qaytarılmasını təmin etmək də mümkündür”.
İqtisadçının sözlərinə görə, xərcinin ödənildiyi dövrdə mənzil girov rolunu oynayır: “Mənzil sahibi yalnız mənzilin xərcini ödədikdən sonra mənzili satmaq və ya bağışlamaq hüququna malik olur. İlkin qiymətləndirmələr göstərir ki, mənzil təminatı ilə bağlı dövlət proqramı qəbul edilərsə, buna uyğun mənzillərin tikintisini həyata keçirmək mümkün olarsa, bu, yaxın 5 ildə Bakıda və iri şəhərlərdə mənzilə tələbatı olanların 30 faizinin tələbatının qarşılanmasına imkan verə bilər. Nəzərə alsaq ki, dövlət büdcəsindən bu istiqamətə vəsaitlərin ayrılması ilə bağlı müzakirələr gedir, müzakirələr mənzil probleminin həllinə müsbət təsir edəcək”.
İqtisadçı hesab edir ki, proqramın icrası Bakıda mənzillərin qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaq: “Parlamentdə qeyd edildiyi kimi hər il büdcədən bu istiqamətə vəsait ayrılarsa, o zaman mənzil bazarında təklif artacaq. Nəticədə qiymətlər də düşəcək.Göründüyü kimi proqramın icrası bazarda qiymətlərin aşağı düşməsi baxımından efektlidir”.
Bununla belə iqtisadçı proqramın reallaşdırılmasına il ərzində 1 milyard manat yönəldilməsinin iqtisadi baxımdan əsaslandırılmadığını düşünür: “Kifayət qədər böyük vəsaitin ayrılması digər sosial layihələrə nəzərdə tutulan vəsaitlərin həcminə təsir edir. O baxımdan məbləğ yalnız proqram qəbul edildikdən sonra müəyyənləşdirilməlidir. Qiymətləndirmələrimizə görə, ilkin mərhələdə daha az vəsaitlə prosesə başlamaq və sonrakı illərdə dövlət büdcəsindən ayrılan vəsaitləri artırmaq mümkündür. Məsələn, il ərzində dövlət büdcəsindən 300 milyon manat bu istiqamətdə ayrılarsa, eləcə də özəl tikinti şirkətlərinə mənzil tikintisi ilə bağlı müəyyən güzəştlər tətbiq olunarsa, Bakıda mənzillərin qiymətinin endirilməsi ilə bağlı addımlar reallaşarsa, o zaman vətəndaşların mənzilə olan təlabatını qısa müddətdə həll etmək olar”.
Modern.az