“Psixoloji xidmətlərlə bağlı bir çox məktəblərdə ştatlar var. Amma bu bütün məktəbləri əhatə etmir”.
Bunu təhsil məsələləri üzrə ekspert Əjdər Ağayev Modern.az-a açıqlamasında deyib.
Əjdər Ağayev məktəblərdə psixoloji xidmətin səviyyəsinin qaneedici olmadığını bildirib.
“Müəllim-şagird münasibəti, tədris prosesinin gedişi, məktəbə rəhbərlik və valideynlər münasibətlərini təhlil edən zaman görürük ki, çoxlu psixoloji boşluqlar var. Mən düşünürəm ki, məktəblərdə psixoloji xidmət genişləndirilməlidir. Düzdür, məktəblərimizdə yaxşı psixoloqlar var. Amma onların sayı isə çox azdır”.
Ekspert deyib ki, müəllimlər üçün diaqnostik qiymətləndirilmə keçirilib maaşları artırılırsa, psixoloqlara da həmin imtahanlardan keçirilməlidir.
“Həmin imtahanlardan müvəffəqiyyətlə keçən psixoloqların maaşları isə artırılmalıdır. Ancaq maaş keyfiyyət üçün vacib deyil. Amma vacib şərtdir. Mən düşünürəm ki, müəllim ilk növbədə öz işinin vurğunu olmalıdır. Əgər hər bir şəxs öz işini və peşəsini sevsə, daha böyük uğurlar əldə edər”.
Əjdər Ağayevin fikrincə, məktəb psixoloqları müəyyən bir kurs keçib, sertfikatlar almalıdır.
“Bu kurslar müasir yanaşmaları, elmdə yenilikləri öyrənmək üçündür. Bunlar həyata keçirilməlidir ki, psixoloqlar zamanın tələbi ilə ayaqlaşa bilsinlər. Həmçinin məktəblərdə psixoloqların rəyinə qiymət verilməlidir.
Məktəb rəhbərliyi psixoloqları əsas sima kimi uşaqların problemlərinin həllində nəzərdə tutmalıdır. Heç məktəblərdə psixoloji xidmət yada düşmür. Sadəcə olaraq ştat kimi fəaliyyət göstərir. İnsana dəyər veriləndə, onun işi də güclü olur. Əgər bütün bunlar nəzərə alınarsa, məktəblərdə psixoloji xidmət ən avanqard mövqedə olan xidmət sahələrində biri kimi başa düşülər”.
Mirmahmud KAZIMOĞLU