Azərbaycanlı qanuni oğru, kriminal aləmdə xüsusi nüfuza malik, ”Masallı Mamed" kimi tanınan Məmməd İsgəndər oğlu Hüseynov cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib.
Bu barədə musavat.com-a Masallı Mamedin yaxınları məlumat veriblər. Onların deməsinə görə, “qanuni oğru”nun ölümünə səbəb beyninə qan sızmasıdır. Hadisə 20 mart günü, günorta saatlarında baş verib. Məmməd Hüseynovun halı qəfildən pisləşib, onu xəstəxanaya çatdırıblar, həkimlər müdaxilə etməyə fürsət bulublar. Lakin arestantın həyatını xilas etmək mümkün olmayıb. Masallı Mamedin ölüm səbəbi kimi rəsmi diaqnoz beyninə qan sızması kimi göstərilib. Yaxınları hələlik hər hansı qəsd versiyası barədə iddia irəli sürməyib. Lakin o da məlum olub ki, “qanuni oğru” dünən və bu gün telefonla yaxınları ilə danışıb, onlarla bayramlaşıb. Son olaraq ölümündən bir neçə saat əvvəl, 20 mart, saat 11 radələrində qardaşı ilə danışıb.
Masallı Mamed 1960-cı ildə doğulub. Qəzetlərin də dəfələrlə yazdığı kimi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Hətta bir neçə dəfə həbsxanada onun ölüm ayağında olması ilə bağlı xəbərlər dərc olunub. Qeyd edək ki, 1 saylı cəzaçəkmə müəssisəsində tanınmış azərbaycanlı “qanuni oğru” - Lotu Bəxtiyar da dünyasını dəyişmişdi.
Uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov azərbaycanlı qanuni oğru “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.
Məmməd Hüseynovun yaxınları onun cənazəsini doğma yurdu Masallıya aparıblar. Allah rəhmət eləsin.