Modern.az

Nazirlərin neçə yaşı var və kim eyni vəzifədə daha uzun müddətdir qalır?

Nazirlərin neçə yaşı var və kim eyni vəzifədə daha uzun müddətdir qalır?

Ölkə

22 Mart 2011, 12:07


Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin marağını cəlb edib.

Hakimiyyətin ən yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da.

Bununla yanaşı, hökumətin ayrı-ayrı strukturlarına rəhbərlik edənlərin bəziləri həm də kifayət qədər yaşlıdır.

Modern.az saytı mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə, komitələrə və onlara bərabər olan qurumlara rəhbərlik edən məmurlar arasında kimin neçə yaşının olduğunu və neçə ildir eyni vəzifədə qaldığını araşdırıb.

Beləliklə…

Konstitusiyaya görə, Azərbaycan Respublikasının ikinci rəhbər şəxsi - Baş nazir Artur Rasizadənin 76 yaşı var.
Artur Rasizadə 1996-cı ildən baş nazir postunu tutur. Bu isə o deməkdir ki, cənab Rasizadə 15 ildir Nazirlər Kabinetinə rəhbərlik edir.

***
Ölkənin üçüncü ali vəzifənin sahibi - Milli Məclisin sədri Oqtay Əsədovun 56 yaşı var.
Parlamentin spikeri 2005-ci ildən – 6 ildir qanunverici orqana rəhbərlik edir.

***

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 73 yaşı var. Cənab Mehdiyev 1995-ci ilin fevralından Prezident Administrasiyasına rəhbərlik edir – 16 ildir.

***
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun 50 yaşı var.
Kamaləddin müəllim 2006-cı ilin fevralından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir -5 ildir.

***
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 63 yaşı var. Cənab general 1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib ki, bu da onun 17 ildir eyni vəzifədə işlədiyini deməyə əsas verir.

***
Təhsil naziri Misir Mərdanov 65 yaşın içərisindədir. O, 1998-ci ildən Azərbaycan Respublikasının təhsil sahəsinə rəhbərlik edir. Misir müəllim düz 13 ildir yorulmadan nazir kürsüsündə əyləşir.


***

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun 55 yaşı var. E.Mahmudov 2004-cü ildən – 7 ildir -Azərbaycanın xüsusi xidmət orqanına rəhbərlik edir.

***

Ədliyyə naziri Fikrət Məmmədov həmkarından bir yaş böyükdür, onun 56 yaşı var.
Fikrət müəllim artıq 11 ildir ədliyyə nazirinin kürsüsündə əyləşir.

***

Vergilәr naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Mәmmәdovun 47 yaşı var.  Ölkənin vergi sahəsində ən yüksək post tutan F.Məmmədov nə az-nə çox, düz 12 ildir nazir vəzifəsində işləyir.

***

Maliyyə naziri Samir Şərifovun 50 yaşı var. O, 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziridir. Samir müəllim artıq 5 ildir bu vəzifənin sahibidir.

***

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da bəzi həmkarları kimi 56 yaşı var.
2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəridir. Bu isə cənab Bağırovun 10 ildir eyni vəzifədə qaldığını deməyə əsas verir.

***

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 1958-ci il təvəllüdlüdür – 58 yaşı var. F.Ələkbərov 2006-cı ilin fevral ayından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir – 5 il.

***

İqtisadi inkişaf naziri Şahin Mustafayevin 56 yaşı var. Şahin müəllim 2008-ci il oktyabrın 31-dən iqtisadi inkişaf naziridir. O, 3-cü ildir nazir kürsüsündə əyləşir.

***
Xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin iyulunda 51 yaşı tamam olacaq. Aprelin 2-də isə Elmar müəllimin nazir postu tutmasının 7 ili tamam olacaq.

***

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu il 50 yaşını tamamlayır.  2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilən Səlim müəllimi pensiyaçılar 9 ildir bu vəzifədə görürlər.

***

Kənd təsərrüfatı naziri İsmət Abasov da yaşca qoca deyil. İsmət müəllim bu ilin mayında 57 yaşını tamam edəcək. O, nazir vəzifəsində 7 ildir işləyir.

***

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov iki ay öncə 56 yaşını tamam edib. 25 aprel 2000-ci il tarixindən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləyən cənab Qaralov 11 ildir eyni kürsüdə əyləşir.

***

Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev də 56 yaşını yenicə - 15 martda tamamlayıb. Xanlar müəllim 6 ildir hərbi prokuror vəzifəsini daşıyır.

***

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin da ad günü bu yaxınlarda oldu. İndi nazirin 61 yaşı var. General nazirlər arasında uzun müddətdir eyni vəzifə tutan şəxlərdən biridir. O, 1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziridir – düz 16 il.

***
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin 53 yaşı var. F.Abdulalyev 25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilib. O, 7 ildir vəzifəsini dəyişmir.

***

Hesablama Palatasının sədri Heydər Əsədovun 52 yaşı var. Heydər müəllim 2007-ci ildən Milli Məclisin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinu tutur – 4 ildir.


***
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 64 yaşı var. 18 aprel tarixində Qərib müəllimin komitə sədri postunu tutmasının 10 ili tamam olacaq.

***

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun 58 yaşı var. O, 7 ildir rabitə sahəsində ən yüksək vəzifəni tutur

***

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 55 yaşı var. 2006-cı ildən mədəniyyət və turizm naziri posunu tutur, 5 ildir eyni kürsüdə əyləşir.

***

Nəqliyyat naziri Ziya Məmmədovun 59 yaşı var. Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli fərmanı ilə nəqliyyat naziri vəzifəsinə təyin edilib. Ziya Məmmədov 9 ildir nazir vəzifəsindədir.

***

Gənclər və idman naziri Azad Rəhimovun 56 yaşı var. Azad müəllim 5 ildir nazir vəzifəsində işləyir.

***

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun 50 yaşı tamam olacaq. Cənab Həsənov 6 ildir komitə sədri kürsüsündə əyləşir.

***

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı həmkarlarından xeyli cavandır – 41 yaşı var. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilib. O, 3-cü ildir bu postda çalışır.

****

Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovu da gənc saymaq olar. Onun 42 yaşı var.
K.Həsənov 2005-ci ildən bu vəzifəni tutur. Deməli 6 ildir eyni vəzifə kürsüsündə əyləşir.

***

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev xarici görünüşcə cavan qalsa da, onun 68 yaşının olduğunu yəqin çox adam bilmir. Arif müəllim uzun müddətdir eyni vəzifədə işləyir. O, 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. Bu isə düz 18 il edir.

***

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin 46 yaşı var. O, 6 ildir Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində çalışır.

***

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun neçə yaşı olduğunu dəqiqləşdirə bilmədik. Uzaq səfərlər kapitanının  təvəllüdü barədə Gəmiçiliyin internet resursunda da qeyd olunmayıb. Aydın Bəşirov Azərbaycan Respublikası prezidentinin 19 avqust 1994-cü il tarixli fərmanı ilə bu vəzifəyə təyin edilib. O, 17 ildir gəmiçiliyin başında durur.

***

Mərkəzi Bankının sədri Elman Rüstəmovun 59 yaşı var. 16 ildir ölkənin baş bankiridir.

***
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun 47 yaşı var. Nazim İbrahimov 2002-ci ildən bu vəzifədədir, 9 ildir vəzifə kürsüsünü dəyişmir.

***

Ali Məhkəmənin sədri Ramiz Rzayev ad gününü bir ay öncə qeyd edib, onun 58 yaşı var. 2005 - ci il aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir – 6 il.

***

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov yüksək post tutan məmurlardan ən gəncidir. Onun 39 yaşı var. Şahmar müəllim 5 ildir Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyir.

***

Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərim oğlu Kərimovun 63 yaşı var. O, 10 ildir AMEA-nın prezidenti postunu tutur.

***
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun 60 yaşı var. 2000-ci ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə gətirilən M.Pənahov artıq 11 ildir eyni postda çalışır.


***

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin 58 yaşı var. Məleykə xanım 11 ildir tələbə qəbulu sahəsinə rəhbərlik edir.

***

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun 74 yaşı var. O, 4 ildir komitəyə rəhbərlik edir.

***

Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir Əsgərovun 61 yaşı var. 1996-cı ildən Azərbaycan Hava Yolları Dövlət Konserinin baş direktorudur. Cahangir Əsgərov 15 ildir eyni vəzifədə qalır.

***

Sənaye və energetika naziri Natiq Əliyevin 64 yaşı var. N.Əliyev 7 ildir sənaye və energetika naziri təyin edilib.

***

Müdafiə sənayesi naziri Yavər Camalovun 62 yaşı var. 2006-cı ilin mart ayında Azərbaycanın müdafiə sənayesi naziri təyin edilib. Artıq 5 ildir bu vəzifəni icra edir.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın 56 yaşı var. Hicran xanım 5 ildir Dövlət Komitəsinin sədri vəzifəsindədir.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 6 ildir bu vəzifəə çalışır.

***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun 67 yaşı var. Hidayət müəllim 5 ildir komitəyə rəhbərlik edir.

***

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov 1995-2006-cı illərdə bu vəzifədə çalışıb. 2007-2008-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. 2008-ci ildə yenidən  Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə qaytarılıb.

***

Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İskəndər Çəndirli 3 ildir bu vəzifədə çalışır.

***

Səhiyə naziri Oqtay Şirəliyevin 61 yaşı var. O.Şirəliyev 6 ildir səhiyyə naziri vəzifəsində çalışır.

***

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun 63 yaşı var. Tağı müəllim 13 ildir metro sahəsində birinci şəxsdir.


Adəm Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu