Qambiyanın keçmiş prezidenti Yayya Camme vəzifədə olduğu son həftələrdə 11,4 milyon dollar oğurlayaraq bahalı avtomobillərini də yük təyyarəsi ilə aparıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qambiyada ağır maliyyə vəziyyəti yaranıb.
“Xəzinə bomboşdur. Bu, işin real tərəfidir”, - yeni prezidentin xüsusi müşaviri Mai Ahmad Fatti deyib.
Xəzinənin boş olması haqda yeni prezident, ötən həftə Qambiyanın Seneqaldakı səfirliyində vəzifəsinin icrasına başlayan Adam Barrou da söyləyib.
Fattinin sözlərinə görə, yük təyyarəsi ilə Çaddan Cammenin prezidentliyinin son saatlarında Qambiyanın müxtəlif zinət əşyalarını, o cümlədən sayı-hesabı bilinməyən avtomobilləri aparılıb.
Camme özü ölkəni şənbə günü tərk edib. Ötən həftənin üçüncü günü Qambiya parlamenti yanvarın 19-da hakimiyyəti yeni seçilən dövlət başçısı Adam Barrouya verməli olan keçmiş prezident Yayya Cammenin səlahiyyətlərini uzadıb.
Həftənin beşinci günü gecə Seneqal hərbçiləri Qambiyaya ordu yeridəcəklərini bəyan ediblər. Sonra Qərbi Afrika dövlətlərinin iqtisadi birliyi beşinci günü günortaya qədər əməliyyatın dayandırıldığını elan edib. Bununla Cammeyə hakimiyyətin dinc yolla Barrouya ötürülməsinə şans verilib.
Bundan sonra Camme 22 illik idarəçilikdən sonra postundan könüllü imtina etdiyini və səlahiyyətlərinin yeni prezidentə verəcəyini söyləyib.
Modern.az