Xəbər verildiyi kimi, “Azadlıq” qəzetinin şərhçisi, AXCP fəalı Seymur Həziyev martın 26-da gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb.
“Qadın Konsensus Mərkəzi”nin direktoru, sabiq deputat Aynur Camalqızı (Quliyeva) baş verənlərlə bağlı Modern.az-a açıqlamasında bunları deyib: “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevin oğurlanaraq döyülməsi faktı xoşagəlməz hadisədir və biz də bunu pisləyirik. Baş verən olayda Azərbaycanı sevməyən, burada gərginliyin yaranmasında, siyasi proseslərin arzu olunmayan məcraya yönəlməsində maraqlı olan qüvvələrin “fəaliyyəti” açıq-aşkar görünür. Jurnalistin təzyiqə məruz qalmasında Azərbaycan iqtidarını ittiham edənlər bunu mütləq nəzərə almalıdır. Seymur Həziyev niyə üç-beş ay əvvəl yox, məhz indiki məqamda döyülür? Aydın görünür ki, burada da “günah keçisi” axtarışına çıxılıb. Tunisdə bir göysatanın özünü yandırmasıyla başlanan aksiyaları Azərbaycanda bir jurnalisti döyməklə-hədələməklə alovlandırmaq cəhdləri ortadadır. Məncə, biz bu provakasiyaya getməməli, cəmiyyətin ən aktiv kəsimi olan media nümayəndələri Azərbaycana düşmən olan qüvvələrin əlində alətə çevrilməməlidir. Bu qüvvələrin qurduğu tələyə düşmək ölkənin ziyanına işləyir, nə hakimiyyətə, nə də müxalifətə yaxşı heç nə vəd etmir”.
A.Camalqızı S.Həziyevin ölkə başçısı haqqında yazdığı tənqidi yazılara görə təzyiqə məruz qalmasının inandırıcı olmadığını qeyd edib:
““Azadlıq” qəzetində S.Həziyevdən qat-qat sərt yazılar yazan jurnalistlər var. Bu günədək onlar niyə döyülməyib, onlar niyə təzyiqə məruz qalmayıb?”
A.Quliyeva bir qrup jurnalistin azad sözə bazqılara etiraz əlaməti olaraq “ictimai forum” keçirmək təşəbbüsünə də münasibət bildirib:
“Hazırki situasiyada məncə, buna ehtiyac yoxdur. Hakimiyyət-mətbuat münasibətlərini məhz indi, məhz bu kontekstdən müzakirəyə çıxarmaq insafsızlıqdır. Azərbaycan iqtidarı mediaya dəstək vermək üçün son illər bir sıra önəmli layihələrə imza atıb. KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, mətbu nəşrlərə yardımların ayrılması, jurnalistlərin mükafatlandırılması, media mənsublarına bina tikilməsi üçün dövlət büdcəsindən maliyyə ayrılması təbii ki, təqdirəlayiq addımlardır və bu prosesə kölgə salmaq olmaz. Əlbəttə, yaxşı olar ki, iqtidaryönlü, müxalifyönlü olmasından asılı oımayaraq bütün media nümayəndələri qüvvələri birləşdirsin və növbəti provakasiyaların önlənməsinə cəhd göstərsin. Yalnız bu yolla prosesin arzuolunmaz istiqamətə yönlənməsinin qarşısını almaq olar. Əminəm ki, hüquq mühafizə orqanları Semur Həziyevə təzyiq edənləri tapacaq, onları səzalandıracaq, biz də hamılıqla bunun şahidi olacağıq”.
Mail Ağaxanov