Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi, Üçüncü Sektor ictimai birliyi, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib.
Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı Quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
“1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı Quberniyasında hakimiyyəti ələ keçirdikdən sonra, milliyətcə erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmiş və nəticədə bu soyqırım aktı törədilmişdir”.
V.Qədirov deyib ki, bu məsələyə Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hüquqi-siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
V.Qədirov Ermənistanın öz təcavüzkar hərəkətlərini bu gün də davam etdirdiyini, 20-ci əsrin sonlarında əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətdiyini, işğalçı dövlətin beynəlxalq hüquqa meydan oxuduğunu bildirib.
Onun sözlərinə görə, uşaq qatili olmaqda davam edən və bundan zövq alan ermənilərin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməklə öz simasını bir daha göstərməsi onu deməyə əsas verir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından xoşluqla çıxmaq niyyətində deyil.
Sonra tədbirdə cıxış edən tədbirin təşkilatçılarından olan Kəmalə Əliyeva bildirib ki, statistik məlumatlara görə, 1905-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində azərbaycanlılara qarşı gizli-aşkar şəkildə soyqırımı, repressiyalar aparılıb. Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub və bu siyasət dinc əhalinin tam məhvinə yönəldilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov çıxış edərək Ermənistanın tarix boyu törətdikləri qırğınların, soyqırımların əsas məqsədinin Azərbaycan ərazisində “Böyük Ermənistan dövləti” yaratmaq ideyasından irəli gəldiyini bildirib. Vüqar Səlimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu münaqişənin həlli istiqamətində gördüyü işlər haqda məlumat verərək tezliklə Ermənistanın öz təcavüzkar hərəkətlərindən əl çəkməsinə məcbur olacağını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında Ermənistanın heç bir müharibə qanunlarına sığmayan hərəkətlərə yol verdiyini, günahsız insanların, xüsusən qocaların, qadınların, uşaqların kütləvi surətdə məhv edilməsini bəşəri bir cinayət olduğunu bildirib.
Sonra tədbirdə Qafqaz Universitetin Rektoru Ahmed Sanic, Sosioloji Araşdırmalar Mərkəzinin sədri Əhməd Qəşəmoğlu, yazıçı Aygün Həsənoğlu və digər qonaqlar tarixə düzgün yanaşmanın və tarixdən ibrət götürülməsinin zəruri olduğunu vurğulayıblar. 31 mart soyqırımının düzgün hüquqi-siyasətinin beynəlxalq aləm tərəfindən verilməsi üçün birgə fəaliyyətin zəruri olduğu bildirilib.
Mail Ağaxanov