“Yol və meteoroloji şərait nəzərə alınmadığı üçün paytaxtda bu saata qədər xəsarətlə nəticələnə 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb”.
Bu haqda Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, yanvarın 31-də gün ərzində isə 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
“Nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hazırda yol polisli gücləndirilmiş iş rejimində çalışır. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin Qış Qarajı ilə birlikdə yollarda fasiləsiz xidmətə başlayıb”.
V.Əsədov eyni zamanda, problemli ərazilərin nəzarətə götürüldüyünü qeyd edib:
“Şəhərin yüksək hissələrində ehtiyyat üçün yolların kənarlarına qum və buz topaları tökülüb, texnikalar hazırlıqlı vəziyyətə gətirilib. Hazırda yollarda vəziyyət normaldır, amma paytaxtın yüksək ərazilərində sürüşmə ehtimalları var. Sürücülər, xüsusilə Yasamal ərazisində sürüşmə ehtimalının yüksək olması səbəbindən diqqətli olmalıdırlar. Onlardan xahiş edirik ki, bu günlərdə şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük verilsin. Zərurətdən dolayı şəxsi avtomobildən istifadə edənlər dövlət nömrə nişanlarının qarını hər 100 metrdən bir təmizləsinlər”.
Qurum rəsmisi eyni zamanda valideynlərə müraciət edib:
“Uşaqlar qarla oynayarkən onlara nəzarət edin. Onların qapalı ərazilərdə oynamasını təmin etsinlər”.
Gülşən RAUFQIZI