“Mərkəzi Bankın rəsmi rəqəmlərində Bakı ilə rayonlar arasında həm kredit məbləği, həm də faiz dərəcəsi üzrə ciddi fərq var”.
Modern.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib.
O bildirib ki, 16.27 milyard manatlıq ümumi kredit portfelinin 13.79 milyard manatı Bakının payına düşür:
“Bu isə o deməkdir ki, ümumi kreditləşməsinin 85 faizi Bakıda həyata keçirilir. Yəni, hər verilən 100 manatlıq kreditin 85 manatı Bakının, qalan 15 manatı isə Abşeron daxil olmaqla digər bütün rayonların payına düşür”.
Ekspert bildirib ki, məsələ heç də rayonlarda kredit portfelinin azlığı ilə tamamlanmır:
“Belə ki, Bakıda orta kredit faizi 9.2 faiz olduğu halda əksər rayonlarda kredit faizləri 20 faizdən başlayır. Azərbaycanda ən baha kreditlər Aran iqtisadi rayonunda təklif edilir.
Deməli, Mingəçevir , Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar , Göyçay , Hacıqabul , İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab ən yüksək faizli kredit götürən rayonlardır. Sözügedən iqtisadi rayonda kreditlər üzrə orta faiz 22.6 faizdir. Cənub bölgəmiz bahalı kreditlərin faizinə görə Aran iqtisadi rayonuna “cüzi uduzur”.
Lənkəran iqtisad rayonunda orta kredit faizi 22.4 faizdir. Şəki-Zaqatala sakinlər isə orta hesabla 22.0 faizlə kredit götürürlər. Deməli, rayonda yaşayan vətəndaşımız Bakı sakinlərinə nisbətən bankdan orta hesabla 2.5 dəfə çox faizlə kredit götürmək məcburiyyətində qalırlar. Aparılan tədqiqatlar göstərir ki, istehlak kreditləri üzrə orta faiz Mərkəzi Bankın rəsmi orta kredit faizlərindən daha çoxdur”.
V.Bayramov qeyd edib ki, rəsmi statistikada Bakı və rayonlar üzrə orta kredit faizlərinin nisbətən az olması portfelə ipoteka, biznes, güzəştli kreditlər üzrə faiz dərəcələrinin də daxil edilməsidir:
“Rəsmi rəqəmlərin təhlili göstərir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kreditləşmədə regional disbalansın aradan qaldırılması üçün real addımlar atmalıdır”.
Qeyd edək ki, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin icra etdiyi “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində məhz bu məsələ araşdırılıb. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində Tərəfsiz Jurnalistlər Birliyinin üzvləri bir sıra rayonlarda olublar və əhali ilə görüşlər keçiriblər. Görüşlər zamanı rayon sakinləri banklar tərəfindən yüksək faizlə kredit verilməsindən, kredit qaytarılmasının çətinliklərindən danışıblar.
Yuxarıdakı məlumatda qeyd olunduğu kimi, Salyan ən yüksək faizlə kredit verilən rayonlardan biri sayılır. Belə ki, burada kreditlər üzrə orta faiz 22.6 faizdir. Elə Salyan əhalisi də bankların yüksək faizlə əməliyyat aparmasından şikayətləniblər. Murad Əlillər Cəmiyyətinin nümayəndəsi Rəsmiyyə Səmədova, “Ana Kür” İctimai Birliyinin rəhbəri Rüstəm Məlikov , rayon sakinləri Aytəkin Bədəlova, Nərmin Şükürova və digərləri çıxış ediblər.
Görüşdə yerli bank təmsilçiləri də iştirak edərək əhalinin irad və təkliflərinə münasibətlərini açıqlayıblar. “Muğanbank”ın kredit mütəxəssisi Mahmud Məmmədov, Aqrar kredit bankının rəhbəri Vaqif İslamov, Kapital Bank ASC-nin yerli nümayəndəsi Zeynəb Mehdiyeva çıxış edərək bildiriblər ki, bu gün kreditlərlə bağlı müəyyən narahatçılıq doğuran məqamlar yaranır, əhali krediti qaytara bilməməkdən şikayət edir. Lakin araşdırma zaman bəlli olur ki, bu məsələdə bankın günahı o qədər də çox deyil. Çünki vətəndaşlar bəzən kifayət qədər maliyyə mənbəyi olmadığı halda yüksək məbləğdə kredit götürər və onu hansısa mal almağa sərf edir. Mal alışından isə qazanc əldə etmək mümkün deyil. Sonda da faizlər yığılıb problem yarananda, bankları günahlandırırlar. Ehtiyacları müəyyən etməməyə görə bir çox problemlər ortaya çıxır.
Bəziləri daimi gəlir mənbəyi olmadığı üçün qohum-qardaşı, tanışların adına kredit rəsmiləşdirir. Sonra pul qaytara bilmədikdə, həmin qohumlarını da problemə salırlar.
Araşdırmada qeyd olunur ki, cənub bölgəsində bahalı kreditlərin faizi cüzi olaraq aşağıdır. Məsələn, Lənkəran iqtisad rayonunda orta kredit faizi 22.4 faizdir. Tərəfsiz Jurnalistlər Birliyi bu rayonda da olublar. Lənkəranın mərkəzində keçirilən görüşdə də demək olar, eyni məsələlərdən söz açılıb.
Qeyd olunub ki, əvvəlki dövrlərə nisbətdə son vaxtlar bankların məhkəmələrə müraciəti artıb. Bu da insanların maddi vəziyyətinin pisləşməsindən, devalvasiya və bəzi şəxslərin götürdükləri kreditləri ödəməmək səbəbindəndir. Ona görə də banklar məhkəmələrə üz tutur. Məhkəmələr də insanların maddi vəziyyətini nəzərə almağa çalışır. Artıq cərimələr, faizlər varsa, onun azaltmaq istiqamətində qərarlar verir. Bu, bankların özünə də maraqlıdır. Çünki onlar heç olmasa verilən əsas məbləği geri almaq istəyirlər.
Görüşlərdəki çıxışlar zamanı bildirilib ki, bəzi sahələr üçün kredit verilməsi qanunla qadağandır. Bundan əlavə, verilən kreditlər isə aidiyyatı üzrə xərclənməzsə, bankın həmin məbləği vaxtından əvvəl tələb etmək imkanı var. Əgər monitorinqlər aparılarsa, bu cür halların qarşısını almaq mümkün olar.
Tərəfsiz (Parlament) Jurnalistlər İB tərəfindən keçirilən görüşlər zamanı uyğun monitorinqlərin aparılması üçün Azərbaycanın tanınmış banklarına müraciət etməyi planlaşdırır.