Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan Modern.az-a verilən məlumata görə, 3 bank üzrə ümumilikdə 145 mln. 534 min manatdan artıq kompensasiya ödənilib.
Belə ki, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 mln. 135 min manat (ümumi kompensasiya öhdəliyinin 98,3%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 53 mln. 383 min manat (ümumi kompensasiya öhdəliyinin 73%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 86 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 127 mln. 374 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
Həmçinin, "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 245 min manatdan artıq kompensasiya verilib.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 161 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 397 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1%-i) kompensasiya ödənişi həyata keçirilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 434 mln. 823 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə ödənilən kompensasiya məbləği 723,976 mln. manatdan artıq olub.
Gülşən RAUFQIZI