Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi keçirilir.
Modern.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, 2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi elçisi, əməkdar artist Tünzalə Ağayeva və bu yarışın könüllülər proqramı üzrə elçisi, müğənni Miri Yusif və bir sıra rəsmilər iştirak ediblər.
Mərasimdə BŞH-nın İnsan Resursları şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova danışıb.
O bildirib ki, Bakı Şəhər Halqası Akademiyasının açılmasında əsas məqsəd Azərbaycanda keçirilən Formula 1 yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığını daha peşəkar səviyyədə reallaşdırmaqdır.
"Akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, konfliktlətin həll edilməsi, liderlik, vaxtın səmərəli idarə olunması, layihələrin idarə edilməsi, başqa maraqlı və zəruri mövzularda təlimlər keçiriləcək. Eyni zamanda akademiya çərçivəsində xarici dillər üzrə danışıq klubları və müasir kitabxana fəaliyyət göstərəcək. Hər bir könüllümüz onlar üçün yaradılan bu şəraitdən tam və təmənnasız faydalanmaq imkanına sahib olacaq".
Çıxış edən gənclər və idman naziri Azad Rəhimov Gənclər günü münasibəti ilə ölkə gənclərini təbrik edib. O, könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısının yerli mütəxəssislər olduğunu bildirib.
"Gənclər arasında könüllülüyə olan marağın durmadan artması bizdə sevinc və fərəh hissi oyadır. İstər İslam Həmrəyliyi Oyunları, istərsə də Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin hazırlığı prosesinə cəlb olunan mütəxəssislərin hamısı yerli kadrlardır. Onların böyük qismi əvvəlki yarışlarda könüllü olaraq fəaliyyət göstəriblər.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qarşıya qoyulan əsas məqsəd ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə malik gənc hazırlanmaqdadır: "Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir
Qeyd edək ki,bu ilin 23-25 iyun tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisində 3min könüllünün iştirakı nəzərdə tutulub. Könüllülər proqramına müraciətlərin qəbulu hazırda davam edir. Və bu proses fevralın sonuna qədər davam edəcək.
Qafar Ağayev