Modern.az

Zərərçəkmiş: "Akif Çovdarov məndən 525 min dollar pul aldı"

Zərərçəkmiş: "Akif Çovdarov məndən 525 min dollar pul aldı"

Aktual

6 Fevral 2017, 18:46

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

                                                                                                                            

Modern.az “Report”a istinadən məlumat verir ki,  Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Əşrəf Rzayev şahid qismində ifadə verib.

O, Kürdəmir rayonundakı "Xatirə" restoranı epizodu üzrə dindirilib. Ə.Rzayev istintaqa verdiyi ifadəsini təsdiq edib. Şahid A.Çovdarovu tanımadığnı deyib. Onun sözlərinə görə, rayonun icra başçısı ona bir nəfərə torpaq sahəsi ayrılması barədə göstəriş verib: "Mən də bu barədə araşdırma apardım. Bundan sonra həmin torpaq sahəsi boş olduğu üçün onu sənədləşdirdim".

 

Daha sonra Kürdəmir rayonunun keçmiş bələdiyyə sədri Mətləb Rzayev dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib. Şahid məhkəmədə dindirilən zaman qeyd edib ki, A.Çovdarovun qanunsuz olaraq, özəlləşdirdiyi həmin torpaq sahəsi onlara məxsus olub: "Əşrəf Rzayev və icra başçısının digər bir nümayəndəsi mənə hədə-qorxu gəldilər. Onlar torpaq sahəsindən imtina etməyimi tələb ediblər. Bundan sonra məcbur olub deyilənlərə əməl etdim".

 

Günün ikinci yarısında keçirilən prosesdə A.Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib.

O, müvəkkilinin "Holter" aparatından müayinədən keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra “Baktel” MMC şirkətinin sahibi Zaur İbrahimov zərərçəkmiş qismində dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib. Z.İbrahimov bildirib ki, onu MTN-in inzibati binasına çağırıblar: "Həmin vaxt orada Akif Çovdarovla görüşdüm. O, məndən 550 min dollar istədi. Mən də ona hissə-hissə 525 min dollar verdim".

 

Vəkil S.Rəsulov jurnalistlərə açıqlamasında qeyd edib ki, zərərçəkmişin ifadələri arasında ziddiyyətlər olduğundan onun istintaqda dindirilməsi elan olunub.

A.Çovdarov isə Z.İbrahimovdan pul almadığını, onun yalan danışdığını deyib: "Düzdür, Zaur İbrahimov MTN-in inzibati binasında mənim qəbulumda olub. Həmin zaman onun kiməsə borcu var idi. Bu məsələ ilə bağlı onunla söhbət aparmışam".

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

 

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB