Modern.az

Qadınlara qarşı zorakılıq ...

Qadınlara qarşı zorakılıq ...

Aktual

6 Fevral 2017, 21:59

“Son illərdə Azərbaycanda ilk dəfə olaraq prokurorluq, ədliyyə  orqanları, yerli icra hakimiyyəti  əməkdaşları və məhkəmə işçiləri üçün məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxslərin müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi ilə bağlı peşəkar təlimlər keçirilib. Təlimlərin əsas hədəfi iştirakçıların kvalifikasiyasının artırılması olub. Bu istiqamətdə çox ciddi nəticələr əldə edilib. Eyni zamanda maarifçilik komponenti çərçivəsində geniş miqyaslı fəaliyyətlər həyata keçirilib”. Modern.az saytı xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” adlı tədbirdə çıxışı zamanı bildirib.

Ə.Nuriyev layihənin donoru Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinə, çox sıx əməkdaşlığa görə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, DİN-ə təşəkkürünü bilidirib.

Aİ Azərbaycan nümayəndəliyinin Əməliyyatlar Bölməsinin Rəhbəri Yerun Villems isə bildirib ki, qadınlara qarşı zorakılıq hazırda insan hüquqlarının pozulmasının ən geniş yayılmış formasıdır.  Avropa Şurasının məlumatına görə, Avropada qadınların 45%  ömründə bircə dəfə də olsun zorakılığa məruz qalıb.  

O, əlavə edib ki, profilaktika hər zaman müalicədən yaxşıdır: “Biz zorakılığın nəticələrinə qarşı mübarizə aparmaqdansa, zorakılıq hallarına son qoyulmasına çalışmalıyıq. Qadınların ictimai həyatda bərabərhüquqlu  iştirakına nail olmaq üçün diskriminasiya yaradacaq qanunlar dəyişməli  və parktikaya son qoymalıyıq,  qadınlara iqtisadi resurslara çıxışına imkanlar yaratmalıyıq”.  

Onun sözlərinə görə, Avropa İttifaqı gender bərabərliyi, məişət zorakılığına qarşı mübarizə məsələlərini hər zaman diqqətdə saxlayır. Bu istiqamətdə müvafiq dövlət qurumları və QHT-lərlə sıx işləməyə çalışır. Avropa İttifaqı hər zaman bu məsələlərlə bağlı təşəbbüsləri dəstəkləməyə səy göstərir.

 “Qadınlar Arasında Həmrəylik” İB-nin sədri Ruhangiz Hüseynova bildirib ki, layihənin ən böyük uğurlarından biri Azərbaycan təcürbəsində ilk dəfə olaraq 15 saatlıq təlim kursunu əhatə edən   “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları”  mövzularında təlim modullarının hazırlanması və vahid təlim vəsaiti kimi nəşr olunmasıdır. Lahiyə çərçivəsində Quba, Masallı, Bərdə, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy və Şəkidə dəyirmi masalar təşkil olunub. Dəyirmi masalar qadınların  hüquqları haqqında məlumatlılığın artırılması, onları məişət zorkılığından qorunma yolları və qanunvericiliklə tanış etmək, məişət zorakılığı qurbanlarına yanaşma tərzini dəyişmək məqsədilə keçirilib. Dəyirmi  masalarda  rayon  ictimaiyyətini təmsil edən 287  fəal  qadın  iştirak  edib. Tədbir iştirakçılarına xüsusi materiallar ( buklet, liflet , qanunvericilikdən çıxarış) təqdim olunub.

Quba, Masallı, Mingəçevir, Şəki və Goranboyda məktəblərdə yuxarı sinif şagirdləri ilə görüşlər təşkil olunub. Müazakirələr debat formasında  aparılıb. Görüşlər məktəblilərdə digər cinslərə qarşı dözüm formalaşdırmaq, ailələrdə məişət zorakılığının necə və nə üçün baş verməsi və onun qarşısının almaq üçün müzakirələrin aparılması məqsədilə keçirilib.  Görüşlərdə yuxarı siniflərdə təhsil alan  211  (116 qız, 95 oğlan)  şagird iştirak  edib.

Layihə çərçivəsində, həmçinin iki sosial çarx çəkilib. 2000 buklet, 7000 liflet, 200 poster nəşr olunub, 360 dəst qanunvericilikdən çıxarış çap olunub”.

Layihə eksperti Zaur İbrahimov  məişət zorakılığının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması üçün tövsiyyələri təqdim edib.

Müzakirələr zamanı Ombudsman Aparatının təmsilçisi Rəşad Rumzadə, Sədaqət Paşayeva, Səadət Bənənyarlı, Sabit Bağırov, Mirəli Hüseynov, Hafiz Həsənov, Südabə Şirəliyeva, Xaqani Səfəroğlu, İsveçrə səfirliyinin təmsilçisi Zahir Əhmədov, Daxili İşlər Nazirliyinin nümayəndələri  öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Avropa İttifaqının dəstəyi ilə icra olunub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB