Modern.az

Heç zaman bitməyəcək kitabın təqdimatından REPORTAJ - FOTOLAR

Heç zaman bitməyəcək kitabın təqdimatından REPORTAJ - FOTOLAR

7 Fevral 2017, 22:27

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazar Pərvin Nurəliyevanın iki kitabının – “Sevdim səni” və “Qadın olmaq” esselər toplusunun təqdimatı keçirilib. Qeyd edək ki, hər iki kitab gənc nasirin “525-ci qəzet” –in şənbə saylarında  müəllifi olduğu layihələr əsasında yazılan esse, məqalələrdən tərtib edilib. Qəzetin hər şənbə sayında yayımlanan “Yüz  gözəl sevgi şeiri” layihəsində dünyasını dəyişən, həmçinin, hazırda həyatda olan şairlərin bu mövzuda yazılan şeirləri esseistika formatında təhlil olunub. Məmməd Araz, Əli Kərim, Bəxtiyar Vahabzadə, Qabil, Anar, Fikrət Qoca, Vaqif Bayatlı Odər,  Vaqif Səmədoğlu və s. yüzə qədər şairdən seçmə sevgi şeirləri  bədii çalarlarla zəngin analiz süzgəcindən keçirilərək, oxucuların ixtiyarın verilib. Bu səbəbdən “Sevdim səni”ni əslində, iki kitab adlandırmaq olar. O həm sevgi şeirlərindən ibarət almanax, həm də  şeirlər haqqında ülvi hisslərlə qələmə alınan, dünyanın yeganə xilas nöqtəsi olan sevgiyə pənah aparmaq xisləti ilə yaradılan və bir-birini peşəkarcasına tamamlayan esselərdən ibarətdir. Buradakı bütün esselər, bəlkə də, elə bir ESSE, bütün şeirlər elə bir ŞEİRdir.  Amma həmin ESSE VƏ ŞEİRin özü də bir ali məfhumda-SEVGİdə vəhdətləşir, bütövləşir, tamlaşır...

Kitabın təqdimat mərasimində iştirak edən şair Vaqif Bəhmənli də “Sevdim səni”ni əslində iki kitab adlandırmaqla ESSE ilə ŞEİRin üzvü vəhdətdə olduğunu qeyd etdi.

 

“Üçüncü kitabın doğuluşu”

 

Vaqif Bəhmənlidən əvvəl akademik, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli,  Xalq şairi Nəriman Həsənzadə, yazıçı Seyran Səxavət, AYB-nin katibi İlqar Fəhmi də çıxış edərək, həm gənc yazar, həm də esselər toplusu barəsində təbrik, fikir və məsləhətlərində bulunmuşdular. “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin tədbiri açıq elan etməsindən, kitablar haqqında  ümumi məlumatından  sonra bütün qonaqların çöhrəsində bayaq dediyimiz bütöv ESSE və ŞEİRin işartılarını hiss etmək olardı. Bəlkə də, hər kəs özünü həmin ESSE-nin və ŞEİRin içində axtarırdı, özünün yazdığı, yazmadığı, yaşadığı və yaşamadığı poeziya nümunələrinin həmin kitabda olub-olmamasından asılı olmayaraq, hər kəsə bu ESSE-dən və bu şeirdən pay düşürdü... Xalq şairi Nəriman Həsənzadə Pərvin xanımın yaradıcılıq manerasının özəlliklərini, iradədən doğan bədii qığılcımlarını və bunların qələm məhsullarında qabarıq hiss olunduğunu deməklə yanaşı, sonda öz şeirini də səsləndirdi. Sevgi zəncirində özünü görmək (oxu:tapmaq) qocaman şairi də təsirləndirmişdi.

Sonra Seyran Səxavət də bu təsir zəncirinin növbəti halqası oldu... Sonra İlqar Fəhmi və beləcə, “Sevdim səni” artıq iki yox, üç kitabın cəminə çevrilməyində davam edirdi... “Sevdim səni” sevgi mövzulu şeirləri özündə birləşdirən ŞEİR kitabına, o şeirləri ustalıqla incələyən esselərdən  ibarət ESSE kitabına və nəhayət təqdimat zamanı qonaqları özünün xoş təsirinə salmış TƏSİR kitabına dönməkdə idi...

 

Sonsuzluğun başlanğıcı

 

AYB sədri, Xalq yazıçısı Anarın gənc nasir və onun kitabından bəhs edən  çıxışından  sonra dediyi şeir də məclisə əlavə səmimiyyət qatdı. Pərvin Nurəliyevanın zəhmətlə istedadın sintezini çox gözəl yaratdığını və bu iki aqreqatın fonunda yaranan bədii məhsulları yüksək qiymətləndirən Xalq yazıçısı Anar həm də, bu kitabın redaktoru və ön sözünün müəllifidir. Anar müəllim öz səmimiliyini zərrə qədər əskiltməyərək, “Sevdim səni” toplusunda ən çox bəyəndiyi iki şeirin də adını çəkdi. Bunlardan biri Nazim Hikmətin, o biri isə mərhum Vaqif Səmədoğlunun şeirləridir.

Professor Himalay Qasımov, Xalq artisti Ramiz Həsənoğlu, ədəbi tənqidçi Vaqif Yusifli və başqaları da çıxışlarında esseləri yüksək qiymətləndirməklə yanaşı öz məsləhətlərini də əsirgəmədilər.

Həmən hiss etmək olurdu ki, “Sevdim səni” kitabını ərsəyə gətirən ALİ SEVGİ bilaixtiyar bütün tədbiri öz hökmü, nəzarəti altına alıb. Sevginin hökmdarlıq etdiyi yerdə isə çox danışmağa hacət yoxdur... Onu ancaq yazmaq lazımdır... ESSE (bayaq qeyd etdiyimiz böyük hərflərlə esse) və ŞEİR formasında...

Gənc nasir Pərvin Nurəliyeva bəlkə də, elə bu tədbir müddətində artıq yeni missiyasına başlamışdı... Çünki dünyada nə qədər sevgi və onun xoşməramlı nəzarəti varsa, “Sevdim səni”nin də ardı bir o qədər gəlməlidir...

 

Elmin Nuri

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?