Azərbaycan ictimai və fəlsəfi fikrinin mahir tədqiqatçısı, fəlsəfə elmimizin ağsaqqalı fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov artıq ömrünün 86-cı baharına qədəm qoyur. Bu 85 il həyat sanki professorun həyatında kəşməkeşli, amma həm də çox maraqlı və mənalı ömür yolu olmuşdur. 1932-ci ildə Azərbaycanın səfalı bölgələrindən biri olan Gədəbəy rayonunun Düz Rəsullu kəndində dünyaya göz açan İzzət müəllim orta məktəbi Rayon məktəbində bitirdikdən sonra, həyatının demək olar ki sonrakı dövrünü Bakıda yaşamağa məcbur olmuşdur. Bu məcburiyyət İzzət müəllimin həyat kredosuna yazılmış müəllimlik, elmi araşdırmalar, rəhbərlik və təşkilatçılıq işləri ilə bağlı olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi nəzdində “Fəlsəfə” ixtisasını bitirdikdən sonra bütün əmək fəaliyyətini fəlsəfə elminin inkişafı və bu sahədə araşdırmalara həsr etmiş İzzət müəllim bir neçə illər istisna olmaqla demək olar ki, əmək fəaliyyətini də təhsil aldığı doğma universitetə bağlamışdır. İzzət müəllim 1984-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987-1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999-2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. İzzət müəllimin əsas tədqiqatları doğma Azərbaycan fəlsəfi fikrinin tədqiqi və tədrisi məsələlərinə həsr olunmuşdur.
İ.Rüstəmov yeni şəraitin tələblərinə uyğun olaraq, ideoloji-metodoloji prinsipləri rəhbər tutaraq, Azərbaycan xalqının mənəvi mədəniyyətinin üç böyük nəhəngi olan A.A.Bakixanovun, M.F.Axundovun, H.B.Zərdabinin elmi yaradıcılığını dərindən araşdırıb təhlil edərək, göstərilən zaman çərçivəsində Azərbaycanda ilk dəfə olaraq maarifçilik fəlsəfəsini sistem halında tədqiq etmiş, onun tam elmi mənzərəsini yarada bilmişdir. İ.Rüstəmov öz elmi yaradıcılığında dərin təhlil əsasında XIX əsrdə Azərbaycanda maarifçiliyin və maarifçilik fəlsəfəsinin təkamülü və formalaşmasının başlıca səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmiş, A.Bakixanovun yaradıcılığı nümanəsində ilkin maarifçilikdən, M.F.Axundov və Həsən bəy Zərdabinin yaradıcılığı nümunəsində yetkin və kamil maarifçiliyə doğru aparan yolun düzgün elmi mənzərəsini yarada bilmişdir. İ.Rüstəmov Həsən bəy Zərdabinin elmi yaradıcılığına qiymət verərkən ilk dəfə olaraq «nəzəri maarifçilik» və «praktik maarifçilik» anlayışlarını elmi dövrəyə daxil etmişdir.
İ.Rüstəmov sonrakı fəaliyyətini Azərbaycanda təbii-elmi biliyin, daha konkret deyilsə, Azərbaycan təbiətşünaslığının inkişafının fəlsəfi problemlərinin elmi təhlilinə həsr etmişdir. O ilk dəfə olaraq A.A.Bakixanovun «Əsrarül-mələkut» və «Kəşfül-Qəraib» əsərlərinin dərin təhlilini verir, onun digər elmi əsərlərinə müraciət edir. Professor A.A.Bakıxanovun «Əsrarül-mələkut» əsərinin Türkiyədə vaxtı ilə edilmiş tərcüməsini («Əfkarül-cəbərüf» adı ilə) aşkara çıxararaq, onu tədqiqatına daxil edir. İ.Rüstəmovun təhlilində A.A.Bakıxanov görkəmli təbiətşünas alim, filosof kimi azərbaycan oxucusuna və elmi ictimaiyyətinə təqdim edilir.
İ.Rüstəmov həmçinin M.F.Axundovun elmi arxivinin dərin, əhatəli təhlilini verərək onun öz dövründəki təbiətşünaslığın aktual problemlərinə çox yaxından tanış olan alim obrazını yaradır. İ.Rüstəmov göstərir ki, M.F.Axundov böyük ədib, istedadlı dramaturq olmaqdan daha çox görkəmli, nadir düşüncə və təfəkkür sahibi olan filosof idi.
Həsən bəy Zərdabi İ.Rüstəmovun təqdimatında A.A.Bakıxanovdan, M.F.Axundovdan və ümumiyyətlə Azərbaycan mədəniyyətinin bütün əvvəlki inkişaf mərhələlərindən gələn mütərəqqi ideyaların, maarifçilik fəlsəfəsinin ən qüdrətli davamçısı idi. Moskva Dövlət Universitetinin «Fizika-riyaziyyat fakültəsini»nin, «Təbaət elmləri» bölümünü elmi dərəcə ilə bitirən, dünya və rus elmi qaynaqlarının, elmi nailiyyətlərinin dərin bilicisi olan Həsən bəy Zərdabi görkəmli bioloq, astronom, ekoloq, təbib kimi nəzərə çatdırılır. İ.Rütəmov H.B.Zərdabinin çoxlu sayda elmi əsərlərini, o cümlədən «Əkinçi» qəzetinin materiallarını ətraflı öyrənməklə onun görkəmli təbiətşünas alim, zəngin biliyə malik filosof obrazını yaradır.
İ.Rüstəmov ilk dəfə olaraq öz doktorluq dissertasiyasında XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi fikrin inkişafının konkret fəlsəfi problemlərini nəzərdən keçirir, A.A.Bakixanov, M.F.Axundov, H.B.Zərdabinin maarifçilik fəlsəfəsinin, onların elmi ideyalarının XX əsrin əvvəllərində Azərbaycanın görkəmli mütəfəkkirlərinin, şair və ədiblərinin, maarifpərvər ziyalılarının, jurnalislərinin elmi yaradıcılığında necə təcəssüm tapıb, davam etdirilməsi problemi üzərində geniş dayanır. Daha doğrusu, prof. İ.Rüstəmov XX əsrin əvvəllərində təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri haqqında aydın təsəvvür yaradır. Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavid, Məhəmməd Hadi, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq və digərlərinin təbii-elmi və fəlsəfi görüşləri konkret elmi materiallar əsasında təhlil olunur. Müəllif N.Nərimanovu dərin fəlsəfi təfəkkürə malik təbiətşünas alim, böyük təbib kimi nəzərə çatdırır. İlk dəfə olaraq nəinki «Molla Nəsrəddin» yurnalında çap olmuş materiallar, eyni zamanda böyük mütəfəkkirin (C.Məmmədquluzadə) bədii yaradıcılığı araşdırılan problem baxımından tədqiqata cəlb olunur, «Əkinçi» ilə «Molla Nəsrəddin» yurnalı arasındakı varisliyi və ideya qohumluğu ilk dəfə olaraq diqqətə çatdırılır, həmçinin Ö.F.Nemanzadənin təbii-elmi baxışlarının fəlsəfi təhlili verilir.
Prof.İ.Rüstəmov Hüseyn Cavid və Məhəmməd Hadinin elmi-fəlsəfi baxışlarının təhlili əsasında onların elmi ictimaiyyətə az məlum olan bir çox yeni əsərlərini aşkara çıxarır, onların elmi mahiyyətini oxucuların nəzərinə çatdırır. Bunların sırasında H.Cavidin dərin fəlsəfi məzmuna malik «Müharibə və ədəbiyyat» məqaləsi, 8 məqalənin toplandığı «Həsbihal» əsəri, ərəb əlifbasında «Peyğəmbər» əsəri elmi təhlilə cəlb olunur. Mütəfəkkir şair Məhəmməd Hadinin «Fəlsəfənin çiçəkləri», «Elmi-əbdanə həqiqi bir nəzər» başlıqlı məqalələr seriyasının təhlili əsasında o, təbiətşünaslıq üzrə elmi materiallara dərindən bələd olan filosof kimi səciyyələndirilir.
İ.Rüstəmov vaxtilə «Əkinçi»də başlanmış «Elmi-əbdan və elmi-ədyan» mübahisəsinin XX əsrin əvvələrində «Bizə hansı elmlər lazımdır?» rubrikası ilə davam etdirilməsini ilk dəfə ətraflı təhlil edir, bu əsnada özünü göstərən başlıca istiqamətləri müəyyən edir.
İ.Rüstəmov öz tədqiqatlarında «Əkinçi», «Şərqi-Rus», «Həyat», «İrşad», «İqbal», «Tərəqqi», «Füyuzat», «Dəbistan», «Şəlalə» və s. kimi qəzet və jurnallarda dərc olunmuş materiallardan geniş istifadə etmişdir. Nəzərə alaq ki, bunların hamısı əsəb əlifbası ilə nəşr olunurdu. Əlbəttə, «Kaspi» qəzeti istisna təşkil edir.
Qeyd etmək lazımdır ki, prof. İ.Rüstəmovun elmi yaradıcılığı təkcə fəlsəfi fikir tarixi ilə məhdudlaşmır. Onun yaradıcılığında dialektika və idrak nəzəriyyəsi, məntiq, etika, estetika məsələlərinin təhlili geniş yer tutur. Bu cəhətdən onun oxucular tərəfindən müsbət qarşılanmış «İdrakda bioloji və sosial amillərin qarşılıqlı əlaqəsi», «Fəlsəfə və sosiologiya: təmas nöqtələri və fərqlər» mövzusunda elmi məqalələrini qeyd edə bilərik. İ.Rüstəmov ulu öndər Heydər Əliyevin elmi və fəlsəfi düşüncələrinin təhlil olunduğu «Gələcəyə istiqamətlənmiş böyük siyasət», «Heydər Əliyevin ideya-nəzəri irsi Bakı Dövlət Universitetində dərindən öyrənilir», «Bakı Dövlət Universiteti və Azərbaycanda milli ideologiyanın formalaşmasında humanitar elmlərin rolu» kimi elmi məqalələri diqqəti xüsusilə cəlb edir.
İzzət Rüstəmov Azərbaycan fəlsəfəsində «Fəlsəfi tənqid»in əsasını qoymuş və fəlsəfi ədəbiyyatın təhlilinə həsr olunmuş xeyli sayda məqalələri ilə bunu doğrultmuşdur. Professor İzzət Rüstəmovun rəhbərliyi, müəllifliyi və elmi redaktorluğu ilə ilk dəfə Azərbaycanda monumental «Ensiklopedik fəlsəfə lüğəti» yaradılmışdır.
50 ildən artıqdır ki, İzzət müəllim fəlsəfi və ictimai-siyasi profilli ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi ilə məşğuldur. Onların sırasında “Elmin gəncliyi (Marksaqədərki iqtisadi mütəfəkkirlərin həyatı və ideyaları)” monoqrafiyasını, “Ümumi sosiologiya” (Z.T.Qolenkova, M.M.Akuliç, V.N.Kuz-netsov) dərs vəsaitini göstərmək olar. Məhz İzzət Rüstəmovun təşkilatçılığı, tərcüməçiliyi və elmi redaktorluğu ilə (kafedra əməkdaşlarının iştirakı ilə) çox sanballı dərslik olan “Qərbi Avropada və ABŞ-da sosiologiya tarixi” (Bakı, 2010; 714 səh.) Azərbaycan dilində işıq üzü görmüşdür. İ.Rüstəmov həmçinin “Qısa estetika lüğəti”nin (akad. A.Aslanovla birlikdə), “Ateistin cib lüğəti”nin, “İnsanşünaslıq - XXI əsrin elmidir”, “Keçid dövrü cəmiyyətinin sosial stratifikasiyasında orta sinif” kitablarının Azərbaycan dilinə tərcüməçisidir.
İzzət Rüstəmovun “Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri” monoqrafiyası və akad. F.Köçərlinin həmmüəllif olduğu “N.Q.Çernışevski və Azərbaycanda ictimai fikir” kitabı hazırda ABŞ Konqresində kataloqa daxil edilmişdir.
Professor İzzət Rüstəmov fəlsəfə və sosiaologiya sahələrində elmi kadrların hazırlanmasında fəal və məhsuldar iştirak edir. Onun yaxından köməyi və elmi məsləhətçiliyi ilə 6 nəfər elmlər doktoru, birbaşa elmi rəhbərliyi ilə 20 nəfər elmlər namizədi hazırlanmışdır.
İ.Rüstəmov uzun müddətdir Dissertasiya Şuralarının (Fəlsəfə İnstitutu və BDU) üzvüdür. İ.Rüstəmov Azərbaycanda Ali Attestasiya Komissiya nəzdində yaradılmış Fəlsəfə ekspert Şurasının ilk sədri kimi fəaliyyət göstərmişdir.
İ.Rüstəmov «Şöhrət» ordeni ilə təltif olunub, akad. S.İ.Vavilov adına medalın laureatı, Lütfi-zadə adına Müasir Beynəlxalq Elmlər Akademiyasının akademikidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» medalının laureatıdır. İ.Rüstəmov xeyli sayda Fəxri Fərmanlarla təltif olunmuşdur.
Bu gün ömrünün müdrik çağında İ.Rüstəmov yenə də BDU-nun ictimai-siyasi həyatında yaxından iştirak edir. Hal-hazırda BDU-nun “Sosiologiya” kafedrasının müdiri olan İzzət Rüstəmov elmi axtarışlar nəticəsində yeni-yeni tədqiqatlar və monoqrafiyalar üzərində yorulmadan işləyir. Bu elmi yaradıçılıq İzzət müəllimin həyat eşqini daha da alovlandırır və ona sanki gənclik ruhu verir.
İzzət Rüstəmov həm də şəhid atasıdır, oğlu Məzahir Rüstəmov Qarabağ döyüşlərində şəhid olaraq Milli Qəhrəman adına layiq görülüb.
Biz İzzət müəllimə Ulu Tanrıdan can sağlığı və elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy bu müdrik alim-ağsaqqalımız yeni-yeni monoqrafiyaları ilə elmi-fəlsəfi ictimaiyyətimizi daim sevindirsin.
Fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent Rəşad ƏSGƏROV