Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir qrup Prezident təqaüdçüsü və Prezident mükafatçısı olan, yaşı 65-i və 70-i ötmüş xalq və əməkdar artisti yarımştata keçirilib. Bu sırada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı kimi aktyorlar da var. Yayılan məlumatlarda teatr rəhbərliyinin bu qərarının birmənalı qarşılanmadığı, xalq artislərinin etirazına səbəb olduğu bildirilib.
Hətta Xalq artisti Ağaxan Salmanlının məlum məsələdən sonra səhhətində ciddi problem yarandığı da qeyd edilir.
Modern.az-a açıqlama verən Xalq artisti bu xəbərin doğru olmadığını və səhhətində heç bir problem yaranmadığını bildirib:
“Yalan sözdü. Xəstəliyimlə əlaqəli yazı yazılan gün mən teatrda Şekspirin “III Riçard” tamaşasında oynamışam. Heç beyninə qan sızan adam da 3 saatlıq tamaşada rol ala bilər?! Bunlar boş söhbətlərdi, jurnalistlər reytinq xətrinə yazırlar”.
Ağaxan Salmanlı yarımştata keçirildikdən sonra hansı addımlar atacağı barəsində də danışıb. Onun sözlərinə görə, bu mövsümün sonuna qədər teatrda fəaliyyətini davam etdirəcək. Gələn mövsüm haqda isə indidən nəsə deyə bilməyəcək:
“Düzdür, bizi yarımştata keçiriblər. Sizə deyim, elə adamam, gözləmərəm ki, məni teatrdan kənar etsinlər. Yerimi və vaxtımı əla bilirəm. Vaxtı çatanda özüm gedəcəyəm, qoymayacağam ki, kimsə məni kənarlaşdırsın. Bu mövsüm teatrda ilişib-qalmağım Yasin Qarayevin xətrinə olub. Y. Qarayevin 70 yaşı tamam olurdu. O, mənə dedi ki, istəyirəm bununla bağlı istənilən tamaşaya quruluş verəsən və mən də orada oynayım. Dedi, yaxşı mən istənilən tamaşanı sənin xətrinə götürüm, pulsuz-parasız hazırlayım. Lakin Yasin əl çəkmədi, dedi, elə tamaşa olsun ki, orada sən də çıxış et, hər ikimiz o tamaşada oynayaq. Bir dedim, iki dedim, olmadı, məcbur olub elə bir əsər götürdüm ki, orada ikimiz də olaq. Bu gün axşam həmin əsərin təqdimatı olacaq. Bir məsələ də var ki, müdirriyyətimiz artıq iki əsərə quruluş verməyi mənə tapşırıb. Onlardan biri “Əlibaba və qırx quldur”, o biri isə “Məlikməmmədin nağlı”dır. Yəni bu mövsümün axırına qədər istər-istəməz teatrda ilişib qalmalı oldum. Gələn mövsüm üçün Allah kərimdi”.
E. Nazimoğlu