Milli Məclisin sədr müavini Bahar Muradova Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsini haqqın, ədalətin, hüququn qələbəsi adlandırıb.
Sədr müavini Modern.az-a açıqlamasında kimliyindən asılı olmayaraq hamının qanun qarşısında cavabdeh olduğunu bildirib:
“Lapşinin ekstradisiyası qeyri-adi hadisə effekti doğurmamalıdır”
“Lapşinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, separatçılığı dəstəkləyən çıxışlarına görə haqqında cinayət işi açılması və onun ölkəmizə ekstradisiya edilməsi hər şeydən əvvəl beynəlxalq hüququn, haqqın, ədalətin qələbəsidir. Hansı ölkəyə mənsubluğundan və hansı ölkəyə qarşı cinayət törətməsindən asılı olmayaraq bu hər kəsə şamil edilməlidir. Son dövrlər dünya düzəni tamamilə pozulub. Beynəlxalq hüquq, onun prinsipləri, ölkələrin ərazi bütövlüyü suverenliyi, müstəqilliyi nəinki şübhə altına alınır, hətta onun pozulması istiqamətində açıq-aşkar fəaliyyətlər göstərilir. Ölkələr, xalqlar, sadə vətəndaşlar bundan zərər çəkir”.
Vitse-spiker hazırda dünyanın çox ciddi təhlükələrlə üz-üzə olduğunu qeyd edib:
“Qanunsuzluğun hüququ, ədalətsizliyin ədaləti üstələməsi, cinayətlərin artması, cinayətkarların məsuliyyətdən yayınaraq cəzasız gəzməsi o qədər adiləşməkdədir ki, indiki məqamda Lapşinin Azərbaycana ekstradisiya olunması qeyri-adi hadisə effekti doğurub. Hesab edirəm ki, bu çox normal, təbii, hüquqa söykənən qərardır. Hər kəs bunu belə qəbul etməlidir”.
“Bu addımı atacaq olanları Lapşinin taleyi gözləyir”
B.Muradova bu ekstradisiyanın iki ölkə arasında bağlanmış hüquqi sənədlərə əsaslandığını vurğulayıb:
“Bu günlərdə belə bir məlumat oxudum ki, Ukrayna vətəndaşına qarşı cinayət törətmiş Azərbaycan vətəndaşı həmin ölkəyə ekstradisiya olunub. Bu, ölkələr arasında imzalanan sənədlərə əsasən həyata keçirilir. Ona görə də bu kimi hallar birinin digərinə qarşı simpatiyası kimi qiymətləndirilməməlidir. Hesab edirəm ki, Belarus hüquq-mühafizə orqanları çox obyektiv bir qərar qəbul ediblər. Əminəm ki, qərar indiyə qədər bu kimi hərəkətlərə yol vermiş və yol vermək niyyətində olanların həmin addımı atmazdan əvvəl düşünməyə vadar edəcək. Ekstradisiya, eyni zamanda dünya üzrə bu kimi hərəkətlərə qarşı uyğun mövqeni sərgiləməyə çağırış, mesaj olaraq qəbul edilməlidir. Çünki ola bilməz ki, bir ölkədə cinayət törədib digərində gizlənəsən, eyni zamanda başqa bir ölkənin vətəndaşlığını əlində qalxan edəsən və beynəlxalq hüququ da ayaqlar altına atasan. Ona görə də hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının, Azərbaycan hüquq-mühafizə orqanlarının uğuru, cənab Prezident İlham Əliyevin müstəqil siyasi iradəsinin və Dağlıq Qarabağa yönəlmiş hüquqazidd hərəkət edənlərə qarşı göstərdiyi birmənalı mövqeyin nəticəsidir. Ona görə də bu kimi hərəkətə yol verənləri Lapşinin taleyinin gözləməsi birmənalıdır”.
“Ermənilər narahat olmalıdırlar”
Bahar Muradova bu ekstradisiyadan sonra Ermənistan tərəfinin narahatlığının başadüşülən olduğunu deyib:
“Ermənistan nəninki təcavüzkar siyasət yeridir, eyni zamanda Azərbaycan torpaqlarını işğal altında saxlayır, insanları yerindən-yurdundan didərgin salıb, onların ən fundamental hüquqlarını pozub, humanitar fəlakətə düçar edib. Üstəlik də qeyri-qanuni zəbt etdikləri ərazilərin tanıdılması istiqamətində beynəlxalq aləmdə çox fəal şəkildə iş aparmaqdadırlar. Təəssüf ki, onların bu fəaliyyətinə dəstək verənlər də tapılır. Azərbaycana məxsus Dağlıq Qarabağın “müstəqilliyinin” Ermənistan tərəfindən tanınmadığı bir vaxtda, başqa ölkələr tərəfindən parlament və beynəlxalq təşkilatlar səviyyəsində tanıdılmasına geniş miqyaslı dəstək verirlər. Bu baxımdan Ermənistan bu hərəkətlərinin də cəzasız qaldığını görərək bir az da ruhlanıb və başqa ölkələrin parlamentarilərini, tanınmış rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini bu ərazidə keçirilən və keçiriləcək “seçki” adı ilə, turizm adı ilə cəlb etmək, guya özünü de-fakto sübut etmiş separatçı rejimin müstəqil subyekt kimi sırımaq səylərinə uyğun gəlmir və bu fəaliyyətin qarşısını kəsir. Ermənilər indiyə qədər göstərdikləri fəaliyyətin təkcə Lapşinin Azərbaycan ekstradisiya edilməsi ilə bir anda göyə sovrulduğunun fərqindədirlər. Narahatlıqları anlaşılandır və narahat olmalıdırlar da”.
Qeyd edək ki, A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, separatçı rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib.
Gülşən RAUFQIZI