Milli Məclisin üzvü Yevda Abramov Modern.az-a müsahibəsində təklif edib ki, deputatlar hansısa rayonun icra başçısının özbaşınalıqları barədə məlumatlı olduqları halda parlamentin iclaslarında susmalı deyillər.
"Təsəvvür edin, məmurlar, deputatlar deməli olan sözü cənab prezident deyir. Halbuki, millət vəkilləri o problemləri Milli Məclisin iclasında qaldıra bilər. Hansısa rayondakı icra başçısının özbaşınalıqlarını deputatlar zalda deyə bilər. Onlar gözləməli deyil ki, ölkə başçısı regionların hesabat məruzəsində kimisə tənqid etsin"-deyə Yevda Abramov bildirib.
Modern.az saytı Yevda Abramovun təklifinə Milli Məclisin deputatlarının fikirlərini öyrənib.
Tahir Kərimli qanunverici hakimiyyətin həm icraedici, həm də məhkəmə hakimiyyətinin formalaşmasında iştirak etdiyini bildirib.
“Ancaq icra hakimiyyəti başçılarını prezident təyin edir. Onların təyin edilməsində deputatların iştirakı yoxdur. Biz ancaq hökumətdən hesabat tələb edə bilərik. Həmin hesabatın icra vəziyyətini ortaya qoya bilərik. İşləməyən icra başçıları barədə onu təyin edən yuxarı icra hakimiyyətinin nəzərinə həmin məsələləri çatdıra bilərik. Deputatın səlahiyyəti yoxdur ki, icra başçısı təyin etsin, işdən çıxarsın, ona təqdimat versin və s. Amma məsələ bundan ibarətdir ki, icra hakimiyyəti başçılarının fəaliyyəti haqqında onu parlamentdə elan etmədən, ictimaiyyətə çatdırmadan yuxarı orqanlara bildirmək olar”.
T.Kərimli qeyd edib ki, deputatlar hansısa rayonda icra başçısının özbaşınalıqlarının şahidi olduqları zaman, onu parlamentdə deyə bilər.
“Kim deputatın qabağını kəsir ki? Deputatın nəyisə deməməsi haqqında heç bir tələb yoxdur. Heç bir şey deputat fəaliyyətini məhdudlaşdıra bilməz. Deputat istənilən vəzifəli şəxs haqqında istənilən məsələni ortaya qoya bilər. Bu istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə olsun. Ancaq tutaq ki, deputat hər hansı bir icra başçısı haqqında məsələni ortaya qoydu. Milli Məclis nə həll edəcək? Çünki onu o vəzifəyə təyin edən və kənarlaşdıran prezidentdir. Ona görə prezidentə müraciət olunmalıdır. Bu lazımdır. Çünki o məsələlər ki, ictimaiyyətə elan olunmadan həll edilə bilər, onu ictimailəşdirməyə ehtiyac yoxdur. Əgər kifayət etməzsə, bunu ictimailəşdirmək olar. Mən heç vaxt istəmərəm ki, hansısa bir deputatla icra başçısı arasında qarşıdurma olsun”.
Çingiz Qənizadə deyib ki, ayrı-ayrı hallarda icra başçılarının yaxşı işini, haqlarında tənqid və iradları həmişə vurğulayıb.
“Cənab prezidentin son müşavirəki xəbərdarlığı təkcə icra başçılarına aid deyil. O, ümumən məmur deyəndə “JEK” müdirindən tutmuş nazirə qədər hamını nəzərdə tutur. Biz də millət vəkili olaraq yaşadığımız, işlədiyimiz rayonda, dairədə və yaxud da ölkə ərazisində cənab prezidentin göstərişinə, tapşırığına, dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan məmurların fəaliyyəti, həm də qanunazidd hərəkətlərinin şahidi olarıqsa, onu parlamentdə deməliyik. Həmin insanların üzə çıxmasında, ifşa olunmasında kömək etməliyik. Biz istəyirik ki, cənab prezidentin ətrafında olan insanların hamısı ondan nümunə götürsün. Fəaliyyətini də cənab prezidentin fəaliyyətinə uyğunlaşdırsın”.
Rüstəm Xəlilov bildirib ki, hər hansı bir icra başçısının əməyinə, fəaliyyətinə qiymət verən ölkə başçısıdır.
“Milli Məclisin icra hakimiyyəti orqanları, dövlət qulluqçuları ilə bağlı məsələni qaldırmaqda səlahiyyəti yoxdur. Bu, birbaşa olaraq prezidentin səlahiyyətidir. Milli Məclis yalnız büdcəyə nəzarət edir, qanunların hazırlanmasında iştirak edir. Qalan heç bir şeydə Milli Məclisin fəaliyyəti yoxdur. Deputat sərbəst olaraq, hər hansı bir məsələyə toxuna bilər. Milli Məclis qanunverici orqan kimi hansısa bir qurum haqqında fikir söyləyə bilər”.
Mirmahmud KAZIMOĞLU