3 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun səhhətində yaranmış ciddi problem ailəsini hədsiz narahat edir. Bu haqda ötən günlərdə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat vermişdi.
D.Əsgərov ailəsinə yazdığı sonuncu məktubda xəstə olduğunu, ürəyində, başında və ayağında olan ağrılara görə hər gün ona 3 iynə vurulduğunu deyib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a açıqlamasında təmsil etdiyi qurumun mütəmadi olaraq öz mandatına uyğun şəkildə saxlanılan şəxslərə baş çəkdiyini qeyd edib:
“Komitə saxlanılan şəxslərin səhhəti, sağlamlığı və bu kimi məsələlərlə bağlı ictimaiyyətə açıqlama vermir. Bu məlumatlar yalnız onların ailə üzvlərinə çatdırılır”.
K.Əsgərov isə D.Əsgərovun oğlu olmasına baxmayaraq Qırmızı Xaç Komitəsi tərəfindən hansısa məlumat ala bilmədiyini, atasının həyatına təhlükə yarandığını, qurumun insan həyatına laqeyid yanaşdığını bildirib.
2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI