Mühacirətə gedən bəzi azərbaycanlılar ölkə hüdudlarını keçəndən sonra radikal çıxışları ilə diqqəti öz üzərilərinə çəkməyə çalışırlar. Maraqlı olan məsələ odur ki, mühacirətdə radikal çıxışları ilə fərqlənən bu insanlar ölkə hüdudları daxilində heç bir fəallığı ilə gözə dəymirdi. Bəs bunun səbəbi nədir? Niyə Azərbaycanda danışmayanlar sərhədi keçəndən sonra Azərbaycana qarşı fikirlər səsləndirirlər?
Gənc fəal Bəxtiyar Hacıyev Modern.az-a bildirib ki, son zamanlar bir çox insan xarici ölkələrdə yaşamaq barədə düşünür.
“Bəziləri bunu xaricdə təhsil almaq, digərləri xaricdə müvəqqəti işləmək yolu ilə etsələr də, bir sıra insanlar üçün xarici ölkələrə köçməyin onlara ən uyğun yolu siyasi sığınacaq almaq olur. Həmin şəxslər Azərbaycanı tərk etdikdən sonra Azərbaycan hakimiyyətinə qarşı çıxışlar etməklə, sığındıqları ölkələrdə özlərini müxalif kimi göstərməyə çalışırlar. Bununla da sığınacaq üçün müraciət etdikləri orqanlara Azərbaycana qayıdacaqları təqdirdə həyatlarının təhlükədə ola biləcəyi, ən azından həbs edilmək ehtimallarının yüksək olmasını göstərirlər və sığınacaq almağa nail olurlar. Düşünürəm ki, Azərbaycanda heç bir tənqidi fikir bildirməyən insanların Azərbaycandan köçdükdən sonra fəal və davamlı şəkildə sərt fikirlər səsləndirmələrinin kökündə əsasən bu səbəb dayanır”.
Qafar Ağayev