Milli Məclisdə “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi”, “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatı keçirilir.
Modern.az xəbər verir ki, mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini B.Muradova bildirib ki, ermənilər torpaqlarımızı işğal edib, mədəniyyət abidələrini dağıdıb və bu işğal nəticəsində xeyli sayda insan məcburi köçkün olub:
“Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışmışıq, amma təəssüflər olsun ki, istədiyimiz nəticəni əldə etməmişik. Azərbaycan torpaqları hələ də işğal altındadır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı dünya ictimaiyyətini daha çox məlumatlandırmalıyıq. Ermənilər hələ də cinayət məsuliyyətindən yayınırlar. 10 ölkə Xocalı soyqırımını tanıyıb, ABŞ-ın bir neçə ştatı isə müvafiq qərarlar çıxarıb. BMT-nin Təhlükəsizlik Şurası işğalla bağlı 4 qətnamə qəbul edib. Amma bu qətnamənin tələblərinə əməl etmirlər”.
Komitə sədri bildirib ki, ermənilərin Azərbaycana etdiklərinə obyektiv münasibət olsaydı, bu məsələ çoxdan həllini tapmış olardı.
“Ermənistanın havadarları bu işdə qeyri-obyektiv münasibət sərgiləyir. Buna görə də “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi hazırlanıb”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə deyib ki, “biz öz səsimizi qaldırmışıq, ermənilərin Azərbaycana qarşı etdikləri ilə bağlı daim beynəlxalq ictimaiyyəti məlumatlandırmışıq. Azərbaycan bu sahədə çox ciddi iş aparır”.
Ərəstun Mehdiyev Xocalı soyqırımının ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.
“Azərbaycan dövləti siyasi iş, informasiya mübarizəsi aparır. Bu məsələyə hüquqi qiymət verilməyib. Yəni, bu iş bu gün də aktuallığını saxlayır. Ermənilərin Azərbaycana qarşı törədikləri, o cümlədən Xocalı faciəsi hər bir vətəndaşın, dövlət qurumunun qarşısında duran əsas məsələdir. Xocalı soyqırımı sülh və insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilir. Çalışmalıyıq ki, hüquqi müstəvidə mübarizə aparaq, haqq səsimizi dünyaya çatdıraq. Hərbi Prokurorluqda bununla bağlı cinayət işi başlanıb, iş davam etdirilir. Cinayətkarlar məlumdur, onlar İnterpol xətti ilə axtarışa verilib. Bu cinayəti Ermənistanda olan siyasi rəhbərlik edib, onlar heç bunu gizlətmirlər də”.
Ərəstun Mehdiyev həmçinin bir sıra dövlətlətlərin Xocalı soyqırımını tanıdığını bildirib. “Bu informasiya mübarizəsi sahəsində aparılan işin nəticəsidir. Xeyli uğurlar qazanmışıq, amma təcrübə göstərir ki, bu, mübarizədə qalib çıxmaq üçün, torpaqların işğaldan azad edilməsi üçün kifayət etmir”.
Mirmahmud KAZIMOĞLU