2000-ci ildə qəbul edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda müəyyən əlavə və dəyişikliklərin olunması ilə bağlı bir sıra təşəbbüslər var. Hazırda qanuna təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən öyrənilir.
QHT-lərə Dövlət Dəstəyi Şurasından bildirlib ki, ölkəmizdə davamlı olaraq müxtəlif sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. Bu, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına da aiddir.
Məsələ ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Modern.az-a açıqlamasında qanuna təklif olunan dəyişikliklərlə bağlı danışıb.
“Dəyişiklik yeni sektorda gedən inkişafla bağlıdır. Əlbəttə, bu qanun QHT-lərin fəaliyyətinin daha da yaxşı işləməsinə yönəlib. Eyni zamanda, QHT-rin şəffaf fəaliyyət göstərməsinə, daha yaxşı qurulmasına hesablanıb.
Xarici QHT qrantlarının qeydə alınması üçün birpəncərəli sistemin tətbiq edilməsi haqqında prezidentin sərəncamı oldu. Bu sərəncamdan irəli gələrək, Nazirlər Kabineti birpəncərəli sistemin qaydalarını hazırlayıb. Artıq o qaydalar hazırdır və xarici QHT-lər bundan istifadə edə biləcəklər. Burada təkcə xarici QHT-lər deyil, onun respondentləri, bizim yerli QHT-miz də həmin qrantların qeydə alınmasında iştirak edə bilərlər. Əvvəllər Ədliyyə Nazirliyində yalnız xarici və birpəncərəli sistemi həyata keçirən QHT-nin müraciətləri nəzərdə tutulurdu. İndi isə xarici QHT-lə yanaşı, onların respondentləri də bu müraciətləri edə bilərlər. Birpəncərəli sistem bir neçə forma baxımından əhəmiyyətlidir. Qrantların verilməsi məsələsində müxtəlif dövlət qurumlarında deyil, yalnız bir dövlət qurumuna müraciət edilməklə bu məsələ həll olunacaq. İkinci məsələ isə respondentin özünün müraciət edə bilməsidir. Əvvəllər donor müraciət edirdi. Bu zaman qapalı dairə əmələ gəlmir. Bunun respondentlərə şamil olunması sadələşdirilib. Bu da QHT-lər üçün çox yaxşı şərait yaradır.
Üçüncüsü isə müddət dəyişiklikləri baş verdi. Qaydalara uyğun olaraq əvvəllər müqavilə bağlandığı gündən 15 gün müddətindən gec olmayaraq QHT qeydə alınırdısa, indi bu müddət 30 gün müəyyən olunub. Bu da QHT-lər və onların donorları üçün daha rahat bir işdir. Dördüncüsü, sənədlərin azaldılmasıdır. Əvvəllər 8 sənəd idisə, indi sənədlərin sayı 4-ə enib. Bu da xarici donorların qeydə alınmasına şəriat yaradır”.
Namidə BİNGÖL