Xarici ölkələrdə fəaliyyət göstərən bəzi səfirliklərimiz Azərbaycan vətəndaşlarına xidmət etmək məsələsində o qədər də uğurlu iş ortaya qoya bilmirlər. O səbəbdən ki, xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları çox vaxt lazımi sənədlərin səfirliklər, konsulluqlar vasitəsilə əldə edilməsində problemlərlə üzləşirlər.
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidovin bir müddət öncə xaricdəki səfirlik və konsulluqların fəaliyyətindəki səmərəlilik məsələsini müzakirə üçün gündəmə gətirməsi yəqin ki təsadüfi deyildi.
“Bu istiqamətdə prioritetlər müəyyən edilməlidir. Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir. Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır”.
Ümumiyyətlə, səfirliklər, konsulluqlar öz vətəndaşlarına necə xidmət göstərməlidir?!
Modern.az saytı mövzu ilə bağlı müxtəlif cavablar alıb.
Vaxt fərqi müəyən problemlər yarada bilər
Milli Məclisin deputatı Asim Mollazadə bu cür məsələləri Xarici İşlər Nazirliyinin mətbuat xidməti ilə araşdırmaq, zəruri məlumatları onlardan almağın daha effektiv olduğunu düşünür.
“Səfirlikliklər çalışdığı ölkələrdə öz vətəndaşları ilə daimi əlaqə qurmalıdırlar. Səfirliklərin işi çoxşaxəlidir. Öz ölkələri ilə bağlı onların üzərində çox böyük məsuliyyət var. İctimaiyyətlə və media ilə əlaqəli xüsusi xidmət göstərən mütəxəssisləri yoxdur. Ona görə də səfirliklər hər hansı məsələ ilə bağlı Azərbaycan vətəndaşlarını məlumatlandırmaq məsələsində bütün prosesləri nazirlik vasitəsilə həyata keçirir. Əslində isə səfirliklər öz ölkəsinin mediası ilə bilavasitə məşğul olan əməkdaşlığa malik deyillər. Bunun da səbəbi, xarici ölkələrdə işlərinin çox olması ilə əlaqədardır”.
Asim Mollazadə, vətəndaşların bəzi səfirliklərdən narazılığını bu formada əsaslandırıb.
“Bizim ciddi işləyən səfirlikərimiz çoxdur. Bəzən vaxt fərqi müəyyən problemlər yaradır. Çünki insanlar xaricdəki səfirliklərimizə elə vaxtda müraciət edirlər ki, cavab almaqları çətin olur. Həmçinin, tam deyə bilmərəm ki, Azərbaycanın bütün ölkələrdəki səfirlikləri fəal işləyir, hər şey əladır. Yenə də hansısa prosesi yaxşılaşdırmaq istəyiriksə, faktlara əsaslanmalıyıq. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı xarici ölkədə olarkən öz ölkəsinin konsulluq xidmətinə müraciət edə bilər”.
“Başqa variant yoxdur”
Keçmiş səfir Namiq Əliyev səfirliklərin fəaliyyətinə qiymət verilməsi halının doğru hesab edilmədiyini diqqətə çatdırıb.
“Bütün səfirlər Azərbaycanın və cənab prezidentin xarici siyasətini həyata keçirir. Hər bir səfir də fəaliyyətini bu siyasətə uyğun qurmalıdır. Başqa variant yoxdur”.
“Səfirliklərin saytında əlaqə nömrələri var”
Xarici Işlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev vətəndaşların şikayətlərinin olması faktına belə aydınlıq gətirib.
“Həm Xarici İşlər Nazirliyinin, həm də səfirliklərin saytı var. Orada əlaqə nömrələri göstərilir. Xarici İşlər Nazirliyinin internet səhifəsində konsulluq məsələləri üzrə “qaynar xətt” fəaliyyət göstərir. İstər Azərbaycan daxilində, istərsə də Azərbaycan xaricində həmin nömrələrə müraciət edib, hər kəs onu maraqlandıran suallara cavab tapa bilər”.
Vətəndaşlar tərəfindən hansısa səfirlik ya da konsulluğun fəaliyyəti ilə bağlı edilən şikayətlərə gəlincə, H.Hacıyev “vətəndaşların müxtəlif məsələlər üzrə sorğu və təklifləri XİN-ə daxil olur. Hər bir məsələyə baxılır və aidiyyatı tədbirlər görülür”,- deyə bildirib.
Namidə BİNGÖL