Modern.az

AFFA rəhbərliyindən yol polisini söyən futbolçuya etiraz: “Bu, tərbiyədən kənar hərəkətdir

AFFA rəhbərliyindən yol polisini söyən futbolçuya etiraz: “Bu, tərbiyədən kənar hərəkətdir”

20 Fevral 2017, 13:22

“Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda “Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da “Əhmədli” qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını  kobud şəkildə pozduqdan sonra ona protokol yazan yol polisini təhqir etmişdi.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, AFFA-nın vitse-prezidenti Rauf Əliyev Modern.az-a açıqlamasında kimliyindən asılı olmayaraq vəzifə borcunu yerinə yetirən şəxslərin təhqir edilməsinin yolverilməz olduğunu bildirib:

“Söhbət təkcə bu futbolçudan getmir. Ümumiyyətlə, heç bir idmançı, olimpiya çempionu, dünya çempionu,  “Neftçi”nin, “Səbail”in futbolçusu, lap millət vəkili işini yerinə yetirən yol polisini təhqir edə bilməz.

Mənim fikrimcə, hansısa futbolçu, lap dünya miqyaslı idmançının yol polisini söyməyə, təhqir etməyə, ona əl qaldırmağa ixtiyarı yoxdur. Azərbaycanda belə şeylərə son qoyulmalıdır. Hər bir insan etik normalara riayət etməlidir. Bu gün mən sükan arxasında  əyləşirəmsə, mütləq şəkildə qaydalara riayət etmək məcburiyyətindəyəm. Qaydalara riayət etmirəm, üstəlik yol polisilə davaya çıxıramsa, bu, tərbiyədən kənar hərəkətdir”.


Deputat qeyd edib ki, sürücü yol polisinin yazdığı protokolla razılaşmırsa, yenə də qanun çərçivəsində lazımi instansiyalara müraciət etməlidir:


“Mən hər kəsi qanunlara riayət etməyə dəvət edirəm. Əksəriyyətimiz Avropa ölkələrində olmuşuq. Orada sürücünün yanında əyləşən şəxs dərhal təhlükəsizlik kəmərini taxır. Çünki bu, qanundur. Bir müddət əvvəl bizim sürücülər belə,  təhlükəsizlik kəmərini taxmırdı. Amma indi hamı qanuna riayət edir. Təhlükəsizlik birinci növbədə sükan arxasında əyləşən sürücü üçün vacibdir. Ona görə də kimliyindən asılı olmayaraq, hər kəs bu məsələdə diqqətli olmalıdır. Bu sürücülük mədəniyyətidir. Hər kəs bu mədəniyyətin kriteriyalarına diqqətlə yanaşmalıdır. Biz Milli Məclisdə bu sahədəki problemləri aradan qaldırmaq üçün qanunlar qəbul etmişik. Hər şey insanların rahatlığı üçündür. Amma bunlara rəğmən öz vəzifəsindən, tutduğu mövqedən sui-istifadə edərək kimisə təhqir etmək olmaz. Yaxşı futbolçu olmaq, sənə qanunları heçə saymaq hüququ vermir. Mən qəti şəkildə buna etiraz edirəm. Düşünürəm ki, yol polisi ilə rəftarın özü də bir mədəniyyətdir. Hər kəs öz mədəniyyətini sərgiləyir. “Mən belə idmançıyam”, “belə futbolçuyam” deyə bilməzsən. O da yol polisidir, öz işini görür. Ona görə də hər kəs öz yerini bilsə və qanun çərçivəsində hərəkət etsə, ümumi nəticənin xeyrinə olar”.

 

“Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda “Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da “Əhmədli” qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını  kobud şəkildə pozub. 

Modern.az-ın məlumatına görə, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğuna görə futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Elton Yaqublu özünü “Neftçi” futbol klubunun oyunçusu kimi təqdim edib və ona protokol yazan yol polisini sonradan telefon açaraq təhqir edib. Futbolçu saytımıza açıqlamasında qayda pozuntusu faktını təsdiqləsə də, yol polisini təhqir etmədiyini deyib.

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB