Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib. Qəza bu gün səhər saatlarında baş verib. Hadisə nəticəsində iki sərnişin avtobusu toqquşub.
Qəzaya səbəb kimi havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi göstərilir.
Hadisə ilə bağlı İqdır valisi Əhməd Turqay Alpman məlumat verib. O, qəza nəticəsində 8 nəfərin öldüyünü, onlarla adamın yaralandığını bildirib. Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib.
İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a bu barədə məlumat verib.
“Qarsdakı baş konsulluğumuzdan daxil olan məlumata görə, qəza nəticəsində yaralananlar arasında 26 nəfər Azərbaycan vətəndaşı var. Hadisədə 8 nəfər həlak olub ki, onların sırasında da neçəsinin Azərbaycan vətəndaşı olması hal-hazırda dəqiqləşdirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Azərbaycanın Qarsdakı baş konsulluğu Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralanmış vətəndaşlarımıza lazımi dəstək və yardım göstərir. Yaralıların və ölənlərin sayında əlavə dəqiqləşmə olduğu təqdirdə əlavə məlumat veriləcək”.
***
Azərbaycanın Qarsdakı baş konsulluğundan verilən son məlumata görə, hadisə zamanı 5 Azərbaycan vətəndaşı həlak olub.
Namidə BİNGÖL