“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent İradə Yaqubova, tanınmış incəsənət xadimləri və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin imzası ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Modern.az-a onun özü məlumat verib.
Müraciətdə bu gün uşaq və yeniyetmələrin mədəni-mənəvi tərbiyəsi sahəsində müəyyən problemlərin olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu sahəyə dövlət qayğısının gücləndirilməsinə böyük ehtiyac var: “Ölkəmizdə uşaqlar və yeniyetmələrin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş vətəndaşları kimi formalaşması üçün müəyyən işlər görülüb, uşaq problemlərinin ardıcıl həlli dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. 2009-cu ilin “Uşaq ili” elan edilməsi isə ölkəmizdə bu sahədə həyata keçirilən fəaliyyəti daha da intensivləşdirərək, bu prosesə vətəndaş cəmiyyətinin bütün qurumlarının səfərbər olmasına gətirib.
Bununla belə bu gün uşaqlar və yeniyetmələrin mədəni-mənəvi tərbiyəsi sahəsində müəyyən problemlər qalmaqdadır. Bu problemlərin bir qismi gənc nəslin dünyagörüşünə, əxlaqi normalara və saf təfəkkürə malik olan cəmiyyət üzvü kimi formalaşması üçün mühüm olan incəsənət və ədəbiyyat nümunələrinin yaradılmasının bazar iqtisadiyyatı şəraitində gəlir gətirməyən sahə olması ilə bağlıdır.
Uşaqlar üçün ədəbiyyat və incəsənət əsərlərinin yazılmasına yaradıcı insanların marağının azalması, yaradılmış əsərlərin zəif təbliği, nəşr məhsulunun qıtlığı və sair nəticəsində yaranan boşluğun böyüklər üçün nəzərdə tutulmuş və uşaq psixologiyasına uyğun olmayan əsərlər ilə doldurulmasına şərait yaradır.
Bu sahədə ayrıca telekanalın olmaması isə böyüyən nəsil üçün ən əlçatan məlumatlandırma və mədəni tərbiyələndirmə mənbəyi olan televiziyanın imkanlarından istifadənin məhdud olması deməkdir. Mövcud tele və radiokanallar proqramlarının tərtibatında ilk növbədə maddi səmərəliliyi düşünmək zorunda olduqlarına görə, əsl incəsənəti mənaca yüngül və bəzən tam mənasız şou məhsulları ilə əvəz etmək məcburiyyətində qalırlar. Uşaqlar üçün ayrılan efir vaxtının azlığı, ayrılan vaxtın isə əsasən əcnəbi cizgi filmlərinin nümayiş etdirilməsi problemin həllini daha da çətinləşdirir”.
Müraciətdə İnternetin geniş imkanlarından istifadənin məhdudluğu da vurğulanıb. Bildirilib ki, uşaqların inkişafı üçün tələb olunan, onların yaşlarına uyğun müxtəlif səpkili Azərbaycan dilli İnternet səhifələrini barmaqla saymaq olar:
“Teatr, muzey və digər sənət ocaqlarının uşaqlar üçün xüsusi proqramlarının azlığı, onların hazırlanması və həyata keçirilməsi isə formal yanaşma ilə seçilir. Peşəkar və özfəaliyyət dərnəklərinin sayının və mövcud uşaq kollektivlərinin çıxış etməsi üçün meydançaların məhdud olması və sair uşaqların mədəni inkişafına əngəllər yaradır. Məktəblərdə incəsənət növlərinin tədrisinin təşkilində olan problemlər uşaq və valideynləri incəsənətin tədris fənni kimi lazımsız olması nəticəsinə gəlməyə əsas verir”.
İctimaiyyət nümayəndələri müraciətdə sadalanan problemlərin aradan qaldırılması üçün öz təkliflərini də dilə gətiriblər: “Sadalanan çatışmazlıqların aradan qaldırılması üçün uşaqların və yeniyetmələrin mədəni və mənəvi tərbiyələndirilməsinə yönəldilmiş “Uşaq Siyasətinə dair Milli Strategiya”nın işlənilməsi və geniş ictimai müzakirəsinə ehtiyac var. Bu məqsədlə müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçilərini cəlb etməklə Koordinasiya Şurası və ya İşçi Qrupun yaradılması daha məqsədəuyğun olardı. Bunlarla yanaşı, bütün ölkə ərazisinə yayımlanan dövlət uşaq televiziya kanalının açılması da problemin həllinə müsbət təsir göstərər.
Cənab Prezident! Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi olaraq ölkəmizin gələcəyi olan uşaqların yüksək mənəvi dəyərlərə sahib olmaları, mədəni mühitdə böyümələri, cəmiyyətimizin kamil və layiqli üzvləri kimi yetkinləşməsi prosesinə dəstək məqsədi ilə irəli sürdüyümüz təkliflərə dəstək verməyinizi Sizdən xahiş edir və onların həyata keçirilməsində iştirak etməyə hazır olduğumuzu bildiririk”.
Qeyd edək ki, müraciətə xalq artistləri Fərhad Bədəlbəyli, Oqtay Zülfüqarov, Faiq Sücəddinov, əməkdar incəsənət xadimləri Nazim Kazımov, Baba Vəziroğlu, xalq yazıçısı Çingiz Abdullayev və başqaları imza atıblar.
Modern.az