Modern.az

Tərtərdə əhaliyə “ayıq-sayıq olun!” deyildi

Tərtərdə əhaliyə “ayıq-sayıq olun!” deyildi

4 Aprel 2011, 17:44


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 4 Aprel-Mina Təhlükəsinə Qarşı Beynəlxalq Mübarizə günü münasibətilə Tərtər rayonunun Qapanlı kəndində yerli əhali ilə görüş keçirib. Tədbirdə yerli hakimiyyət və özünüidarəetmə orqanlarının nümayəndələri, ziyalılar, gənclər, Qarabağ müharibəsinin
döyüşçüləri, icma fəalları iştirak edib.

Kənd məktəbinin iclas zalında keçirilən görüşdə BAMF-ın departament rəhbəri Siyab Məmmədli Azərbaycanda mina probleminin yaranması tarixindən, bu problemin aradan qaldırılması istiqamətində dövlətin və beynəlxalq humanitar
təşkilatların gördüyü işlərdən danışıb. O qeyd edib ki, BAMF ölkədə mina təhlükəsi ilə mübarizə proqramına 2000-ci ildən qoşulub və indiyədək bu sahədə bir sıra iri həcmli layihələr həyata keçirib. 2002-ci ildən təşkilatın İcma Mina Aksiyası Komandası Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlər əsasında ölkənin minalarla və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərində minatəmizləmə əməliyyatları aparır və paralel olaraq
əhalinin mina təhlükəsi üzrə maarifləndirilməsi istiqamətində də səmərəli işlər görür.

Görüşdə vurğulanıb ki, Tərtər rayonu həssas bölgədir və rayonun cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrinin əhalisi daim ayıq-sayıq olmalı, regionda mina təhlükəsinə qarşı mübarizə tədbirləri vaxtında həyata keçirilməli və əhalinin maarifləndirilməsi işi düzgün qurulmalıdır. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçisi İlqar Musayev, BAMF-ın İcma Mina Aksiyası komandasının əməkdaşları iştirak ediblər.
Sonda kəndin mərkəzindən keçən və qonşu icmaları da birləşdirən yolun kənarında  ANAMA-nın hazırladığı mina təhlükəsinə dair maarifləndirici dəmir lövhə basdırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal