Modern.az

Azərbaycanın tranzit imkanları Çindəki forumda təqdim olunub - FOTOLAR

Azərbaycanın tranzit imkanları Çindəki forumda təqdim olunub - FOTOLAR

Aktual

1 Mart 2017, 15:17

Azərbaycanın tranzit-nəqliyyat imkanları Pekində keçirilən “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumunda təqdim olunub. Ölkəmizin Pekindəki səfirliyinin təşəbbüsü ilə keçirilən tədbir Çin tərəfini, o cümlədən yükdaşımaları ilə məşğul olan şirkətləri Transxəzər beynəlxalq nəqliyyat marşrutu, onun əlverişli imkanları barədə məlumatlandırmaq məqsədi daşıyıb.

Forumda çıxış edən Çin Kommersiya Nazirliyinin Departament direktoru Luo Veydun ölkəsinin İpək yolu üzərində yerləşən dövlətlər ilə, o cümlədən Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu çərçivədə əlaqələndirmənin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin regional əməkdaşlıq baxımından əhəmiyyətindən danışıb. Azərbaycan ilə Çin arasında əlaqələrin dövlətimizin başçısı İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu deyən diplomat səfər zamanı imzalanan sənədlər arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun olduğunu xatırladıb.

Tədbirdə çıxış edən Gürcüstanın Pekindəki səfiri, Gürcüstan və Qazaxıstan səfirliklərinin diplomatları nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi baxımından forumun əhəmiyyətini vurğulayıblar.

Forumda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri – Elçin Əhmədov (Azərbaycan Respublikası Yükdaşımalar üzrə Koordinasiya Şurası), Tariyel Mirzəyev (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC), Tural Əliyev (“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC), Natiq Cəfərov (“Azərbaycan Dəmir Yolları” QSC), Fərid Vəliyev (Dövlət Gömrük Komitəsi), Fuad Əhmədov (SOCAR) və Zaur Məmmədov (Sumqayıt Kimya-sənaye Parkı) ölkəmizin nəqliyyat-tranzit potensialı, logistika imkanları, yükdaşımaları sahəsində yaradılan sərfəli şərait, Azərbaycanın liderliyi ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, habelə ölkəmizdəki əlverişli biznes və investisiya mühiti barədə məlumat veriblər. Bildirilib ki, coğrafi mövqe baxımından bir neçə nəqliyyat dəhlizinin qovuşuğunda yerləşən Azərbaycanın öz tranzit imkanlarından istifadə etməklə Çin Xalq Respublikasının Sədri Si Cinpinin “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasında mühüm rol oynayır.

Bildirilib ki, hazırda ticarət dövriyyəsi 500 milyard dollar olan Çin və Avropa arasında yükdaşımalarında Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit imkanlarından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəlidir. Bu istiqamətdə cari ildə inşası başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti böyükdür.

Tədbirə Çinin müvafiq dövlət qurumlarından, o cümlədən Kommersiya və Nəqliyyat nazirliklərindən, Dəmir Yolu Administrasiyasından, işgüzar dairələrindən 100-ə yaxın iştirakçının qatılması Çin tərəfinin Transxəzər beynəlxalq nəqliyyat marşrutuna marağının böyük olmasını göstərib.

Forumda Transxəzər beynəlxalq nəqliyyat marşrutuna dair film nümayiş olunub. Marşrut üzərində yerləşən ölkələrin müvafiq qurumlarının nümayəndələri təqdimatlarla çıxış ediblər.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU