“Cocuq Mərcanlıda tikinti işləri sürətlə davam edir. 96 nəfərlik məktəbin bünövrəsi qoyulub. Məktəbin tikintisinə başlanılan ərazi minalardan tamamilə təmizlənib. Hansı ki, birinci dəfə üçün 10 hektar ərazinin minadan təmizlənməsi işi ayrılmışdı. O da uğurla həyata keçirildi”.
Bunu Modern.az-a açıqlamasında Cəbrayıl rayonunun işğal altında olmayan yeganə yaşayış məntəqəsinin - Cocuq Mərcanlı kəndinin icra nümayəndəsi Xanlar Zeynalov deyib.
Onun sözlərinə görə, 150 evin tikintisinə başlamaq üçün seçilmiş ərazidə də minalardan təmizləmə işi davam etdirilir.
“Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin işçiləri burada işləyir. Evlərin sənədləşdirilməsi üçün çıxarış çıxarırlar. Əraziyə ezam olunan şirkətlər fəhlələrini də özləri ilə gətiriblər. Bütün işlər çox yaxşı formada davam edir. Hətta, qaz, işıq, su xəttinin çəkilməsi də layihəyə salınıb. Qonşu kənddən Cocuq-Mərcanlıya bu xətlər çəkilir. İşin gedişatı zamanı hazırlanmış çertyoja baxdım. Böyük bir transformatorun harada qoyulacağı yeri də müəyyənləşdirilib”.
Qeyd edək ki, Cocuq Mərcanlının yenidən bərpası üçün dövlət başçısı tərəfindən 4 milyon manat vəsait ayrılıb.
Namidə BİNGÖL