Modern.az

Vaqonda yaşayan AİLƏ kömək istəyir - "Bütün ümidimiz Mehriban xanımadır" - FOTOLAR

Vaqonda yaşayan AİLƏ kömək istəyir - "Bütün ümidimiz Mehriban xanımadır" - FOTOLAR

2 Mart 2017, 13:42

Rasim İsmayılov Suraxanı rayonu mədən ərazisində vaqonda yaşayır. İş olandan olana fəhlə kimi çalışıb çörəkpulu qazanmaqla övladlarını saxlayır. Evdə yataq, istilik, hamam yoxdur. Üstəlik də dəmir vaqon onun deyil, hər ay şəraitsiz otağa 100 manat kirayə pulu verir. Modern.az saytının əməkdaşı bu imkansız ailəyə baş çəkib, bərbad şəraitli vaqonda yaşamalarının səbəbləriylə maraqlanıb.
Ailə başçısı Rasim İsmayılovla söhbəti təqdim edirik:

-Özünüz haqqında məlumat verərdiniz?


- Mən İsmayılov Rasim Mənsim oğlu 1966-cı ildə iyunun 3-də anadan olmuşam. Bakıda uşaq evində böyümüşəm. Bilgəhdə yerləşən 11 və Sarayda yerləşən 7 nömrəli internat məktəbində təhsil almışam. Üçüncü qrup əliləm. 55 manat pensiya alıram. İki oğlum və bir qızım var. Oğlum üç gündür ki, Tərtərdən hərbi xidməti başa vurub evə gəlib. İş tapa bilmir. Ortalıqda avara qalıb. Bir oğlumun da 11 yaşı var. Məktəbə getmir. Evə kömək üçün gedib, Badamdarda maşın bazarında maşınların təkərin qaraldıb çörəkpulu qazanır. 18 il həyat yoldaşımla birlikdə yaşamışam. Atıb uşaqları mənim üstümə gedib. Hara gedib, onu Allahı bilsin, özü bilsin. 10 ildir ki, uşaqlarımı mən saxlayıram.


- Ev almaq üçün hansısa dövlət qurumlarına müraciət etmişiniz?

- 1993-cü ildə mənim qeydiyyatım yox idi. Deputat Qənirə Paşayeva bir zəngə məni Salyanın Aşağı Noxudlu kəndinə qeydiyyata saldırdı. O zaman Salyanın icra başçısı Tahir müəllimə evlə bağlı müraciət etmişdim. O da demişdi ki, İcra Hakimiyyətinin balansında ev yoxdu.
Salyanın indiki icra başçısı Sevindik müəllimə də müraciət etmişəm. O məni yaxşı qarşıladı. Uşaqlarıma da yaxşı baxdı. Sağ olsun. Tahir müəllimin vaxtında Salyanda yataqxanada mənə ev vermişdilər. 4 mərtəbəli, qəzalı vəziyyətdə olan peşə məktəbinin yataqxanasıdır. Yataqxanada nə su, nə tualet, nə də hamam var. Komunal şərait sıfır.
Mən uşaqları o şəraitdə saxlaya bilməzdim. O yataqxanada yaşamaq daha dəhşətli idi. Uşağım internat məktəbə gedirdi. O internatın tualetundə su yox idi ki, uşaqlar yuyunsun. Getdim internata,  dedilər ki, “biz suyu pulla alırıq”.
Mən düz danışıram. Ona görə də, mənə deyirlər ki, bu həyasız adamdır. Mən həyasız deyiləm. Mənə deyirlər ki, apar uşağıvı qoy internata. Mən ata, ana nəfəsi görməmişəm. Heç olmasa mənim uşaqlarımın anası yoxdu, ata iyini alsınlar. Mənim evim olmasa da, dilənərəm, amma uşaqlarımı saxlayaram. Azərbaycanda yaxşı qanunlar var, ancaq onları icra eləmirlər.
Mehriban Əliyeva yetimlərin anasıdır. Allah ona can sağlığı versin. Mənim ömrümdən kəsib, ona versin. Mən ona görə də, sizin vasitənizlə Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Leyla Əliyevaya müraciət edirəm. Bilirəm ki, bunları Mehriban xanım bilsə, məni çağırar qəbul edər, hara lazımdı ora da yerləşdirər. Mən istəyirəm ki, Mehriban xanım qəbuluna uşaqlarımla birlikdə gedim. Mənə bir daxma, bir də iş versinlər. Mən də işləyim, balalarımı saxlayım. Mən sabah öləndən sonra mənim uşaqlarım çöldə qalmasın.


-Nə vaxtdan burada yaşayırsınız?

- Demək beş ildir ki, burada kirayədə  qalıram. İki aydır da kirayənin pulunu verə bilmirəm. Vaqonun yiyəsi gəlib ki, pulu verin. Biz də pulu verə bilmirik. O da bizi çölə atacaq. Onu da qınamıram. Kredit verir, ailəsini saxlayır həmin pulla. Bilmirəm heç necə verəcəm kirayənin pulunu.

-Uşaqlarınız məktəbə gedir?

- Xeyr. Necə getsin axı? Məktəbə gedib-gəlməyə pul, paltar, kitab lazımdı. Təhsil naziri əmr verir ki, təhsil pulsuz olsun. Amma qanuna əməl edən yoxdu. Pul, şərait olmayandan sonra mən uşaqlarımı necə məktəbə göndərim axı? Mən də istəyirəm ki, uşaqlarım oxusun. Qız uşağım var. Hamı bilir ki, qız uşağını saxlamaq necə çətindir. Bunun əyni-başı var. Uşaqlarımın heç biri imkansızlıq və şəraitsizlikdən təhsil ala bilmir. Balaca oğlum gedib təkər qaraldır ki, bitəhər kirayəpulunu verək. İki aydı da verə bilmirik. Bizi atacaqlar çölə. Mənim ümidim ancaq, Mehriban xanımadı. Çünki, məni ancaq o başa düşə bilər.

-Ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişiniz?

- Məndən bunun üçün işıq, qaz, supulunun çeklərin istədilər. Onların da heç biri məndə yoxdu. Nazirliyə də min dəfə getmişəm. Ərizələr də yazmışam. Vallah baxan yoxdu.
 

-Özünü də iş tapa bilmirsiniz?

- Orda-burda ara işləri olanda işləyirəm. Daş bazarına gedirəm tez-tez. Kiminsə yükü-filan olanda onu boşaldıram. Həmin işlərə görə də 5-10 manat pul verirlər mənə. Şəxsiyyəti təsdiq edən sənədim burda mağaza var, oradadı. Nisyə mal almışam. Pulun verə bilmirəm. 25 manat borcum var ora. Mənim evə bazarlıq elədiyim yadımdan çıxıb.  Ət də demək olar ki, yemirik. Neçə bayramları da keçirə bilməmişik. Sonuncu dəfə nə vaxt ət yemişik, yadımıza gəlmir. Günümüzü su, çay, çörəklə yola veririk. Pensiyam, bir də uşağın qazandığı pulla kirayəni veririk, yerdə qalanan isə dolanırıq. Əgər buna dolanmaq deyilirsə.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...