Modern.az

Maliyyə Nazirliyinə illik hesabat verməyən QHT-lər cərimələnəcək

Maliyyə Nazirliyinə illik hesabat verməyən QHT-lər cərimələnəcək

5 Aprel 2011, 17:20

Hesabatların təqdim edilməsi vaxtı artıq başa çatıb 

Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 saylı qərarına əsasən, QHT-lər aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə illik maliyyə hesabatları təqdim etməlidir. Maliyyə Nazirliyi hələ bu ilin əvvəlində bəyan etmişdi ki, 2010-cu il üçün maliyyə hesabatı verməyən QHT-lər barəsində aprelin 1-dən sonra ciddi sanksiyalar tətbiq olunacaq, onlar cərimələnəcək. Artıq aprelin 1-i geridə qalıb. Bu məsələdə hansı yeniliklər var? Modern.az bununla bağlı Maliyyə Nazirliyinə müraciət edib.

Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev saytımıza bildirib ki, Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»nın 5.2-ci bəndinə əsasən Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. 

Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını təqdim etməkdən azad edilmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir.

M.Piriyev deyib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib. Beləki müəyyən olunmuş vaxt ərzində sözügedən hesabatı  təqdim etməyən vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilməlidir.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal