Milli Məclisinin Regional məsələlər komitəsinin sədriArif Rəhimzadənin Rusiya mətbuatına müsahibəsində “azərbaycanlılar türk deyil” ifadəsinin yer alması dünəndən gündəmin əsas müzakirə mövzularından birinə çevirilib. Hərçənd Arif Rəhimzadə Modern.az-a açıqlamasında fikirlərinin təhrif olunduğunu, “biz etnik cəhətdən türkük, amma millət kimi azərbaycanlıyıq” söylədiyini bildirib. Bununla belə sosial şəbəkələrdə A.Rəhimzadəni qınaq obyektinə çevirən müzakirələr açılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gündüz İsmayılov da müzakirələrə qoşularaq, məsələyə öz baxışını ortaya qoyub. Modern.az-ın məlumatına görə, o deyib:
“Üç əsas kimlik var: Vətəndaş kimliyi; Etnik kimlik; Dini kimlik.
Dini kimlik baxımından bizlər fərd olaraq müsəlman, xristian, yəhudi və digər dinlərə mənsub ola bilərik.
Etnik kimlik baxımından biz fərd olaraq türk, tat, talış, ləzgi, avar, haput və s. ola bilərik.
Vətəndaş kimliyi baxımından isə biz hamımız azərbaycanlıyıq. Azərbaycanlı, yəni vətəndaş kimliyimiz dini mənsubiyyətimizdən – müsəlman, xristian və ya yəhudi olmağımızdan, etnik mənsubiyyətimizdən - türk, talış, tat, avar olmağımızdan asılı olmayaraq hamımızı birləşdirir.
Bir sözlə, Azərbaycan vətəndaşı olan türk də, talış da, avar da, ləzgi də və başqaları da, eləcə də, müsəlman da, yəhudi də, xristian da hamısı azərbaycanlıdır!
Azərbaycançılıq da məhz budur: etnik və dini kimlikdən daha çox vətəndaş kimliyinə əsaslanır. Bu ideologiyanının meyarı isə Azərbaycan dövləti və Vətəndir. Kim bu dövləti və bu vətəni sevirsə (istər türk olsun, istər talış, istər ləzgi olsun, istər müsəlman olsun, istər yəhudi, istər xristian olsun) bizim qardaşımızdər!
Kim bu dövləti sevmirsə (istər türk olsun, istər talış, istər ləzgi olsun, istər müsəlman olsun, istər xristian, istər yəhudi olsun) bizim düşmənimizdir, canı cəhənnəmə!
Azərbaycançılıq bax budur və bu ideologiyanın kökü Cümhuriyyətə gedib çıxır. Bəlkə də qəribə gələcək, Cümhuriyyət daha çox etnik kimliyə əsaslanaraq quruldu, amma zamanla vətəndaş kimliyinə - Azərbaycanlı kimliyinə yönəldi. Məncə bu gün biz problemlərimizin böyük əksəriyyətinin açarını "Cümhurriyətimiz"in irsində tapa bilərik! Cümhuriyyət quran KİŞİLƏR sıradan insanlar deyildilər!”.
Modern.az