Son zamanlar vətəndaşların “Azəriqaz”la bağlı şikayətləri artıb. Vətəndaşlar bildirilər ki, “Azəriqaz “ İstehsalat Birliyinin “qaynar xətti” ilə əlaqə saxlaya bilmirlər. Həmçinin yaşadıqları ərazilərdə mavi yanacağın tez-tez kəsilməsi hallarına rast gəlirlər.
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Modern.az-a bildirib ki, rejimdən asılı olaraq çağırışlar çox olanda vətəndaşlar gözləmə mövqeyində dayanmalıdırlar.
“Ona görə də kim ki səbirsizlik edib gözləmirsə, yəqin ona görə belə deyir. “Azəriqaz “ İstehsalat Birliyinin 104 və 185 saylı çağrı mərkəzi sutkanın 24 saatı fəaliyyət göstərir”.
Qurum rəsmisi qaz kəsilmələrinin tez-tez olmadığını da deyib.
“Hazırda elə bir ərazi yoxdur ki, orada qaz olmasın. Nə vaxt ki, qaz təchizatında məhdudiyyət olur, bununla bağlı əvvəlcədən həmin rayon üzrə ictimaiyyətə “Azəriqaz “ İstehsalat Birliyi tərəfindən elan edilir. Onu da qeyd edim ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində 69 çoxmərtəbəli binanın qaz xəttinin açılması təmin edilib. Bu da ümumilikdə 3488 mənzili əhatə edib”.
Mirmahmud KAZIMOĞLU